Hesablama Palatası aparılmış təhlillərə əsaslanaraq bəzi gəlir növləri üzrə potensialın olduğunu qeyd edir.
Palatadan bildirilib ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 216.1-ci maddəsinə əsasən yerin təkindən çıxarılan təbii qazın hasilatına görə mədən vergisi onun topdansatış qiymətinə 20 faiz vergi dərəcəsi tətbiq etməklə hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli Qərarı ilə təbii qazın istehsalçılardan ƏDV ilə min kubmetrinin 90 manata satın alınmasının təsdiq edilməsini nəzərə almaqla Hesablama Palatası hasilat həcminə görə hesablanmalı mədən vergisinin daha yüksək olduğu qənaətinə gəlib.
Eyni zamanda, rəydə göstərilib ki, 2022-ci ildə əmlak vergisi üzrə bir sıra güzəştlərin ləğv edilməsi, habelə Azərbaycan Respublikası Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən fiziki şəxslərin mülkiyyətində olan bina, su və hava nəqliyyatı vasitələri istisna olmaqla, vergiödəyicisi kimi qeydiyyatda olan fərdi sahibkarların balanslarında olan əsas vəsaitlərin əmlak vergisinə cəlb edilməsi və dövlət büdcəsinə ödənilməsi, eləcə də əvvəlki illərdə əmlak vergisi üzrə hesablanmış öhdəliklərin yüksək olmasını nəzərə alaraq Hesablama Palatası əmlak vergisi üzrə əlavə potensialın mövcud olması qənaətindədir. Hesablama Palatası “Büdcə zərfi”ndə dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışının həyata keçirilməsinin vergi orqanların hüquqlarına aid edilməsi şəraitində bu istiqamət üzrə növbəti ildə daxilolmaların proqnozlaşdırılması vacibdir. Rəydə potensialın olduğu göstərilən digər tədiyə növləri idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu və dövlət əmlakının icarəyə verilməsindən daxilolmalardır.