2 C
Baku
Sunday, December 15, 2024

Elman Rüstəmovdan sensasiyalı açıqlamalar

Hökumət manatı qorumaq üçün hələ də milyardlar xərcləyir, ikinci devalvasiya labüd görünür.

Baş bankir: «Tam üzən məzənnə siyasətinə keçə bilmərik, bu iqtisadiyyatda böyük əsəbilik yarada bilər»

Rəşad Həsənov: «Bu gün manatın dövlət tərəfindən tənzimlənməsi ən adekvat variantdır»

Azərbaycan manatına qarşı təzyiqlər fevral və mart ayında da davam edib. Mərkəzi Bankın sədri Elman Rüstəmovun son açıqlamasından məlum olur ki, manatın 33 faizlik devalvasiyasından sonra daha 1 milyard dollar satışa çıxarmalı olub. Deməli, bankın rezervləri “ərimək”də davam edir. “APA”nın məlumatına görə, E.Rüstəmov bildirib ki, dollarlaşma prosesi davam edir.

Baş bankir Mərkəzi Bank tərəfindən valyuta bazarında 1 milyard dollar satış həyata keçirməsini dollarlaşma prosesinin hələ də davam etməsi prosesi ilə əlaqələndirib. “Aprel-may aylarında da dollarlaşma prosesi gedəcək. Əhalinin öz əmanətlərini dollara keçirməsinin qarşısını ala bilmərik. Bizim kifayət qədər valyuta ehtiyatımız var və əmanətlərin dollara çevrilməsində heç bir problem yaranmayacaq. Ona görə də valyuta bazarında bu satış edilir. Bunun bir hissəsi əhalinin tələbatlarına yönəldilib, digər hissəsi isə dövlətin ehtiyacı ilə əlaqədar sərf olunub”.

Ölkə rezervlərinin azalmasının qarşısını almaq üçün artıq gündəmə manatın sərbəst buraxılması məsələsi gəlib. Mərkəzi Bankın sədri Azərbaycan iqtisadiyyatının buna tam hazır olmadığını bildirib: “Azərbaycan Mərkəzi Bankı ölkədəki makroiqtisadi vəziyyəti və əsas ticarət tərəfdaşlarının öz mili valyutalarını devalvasiya edib-etmədiklərini izləyir.

Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hələ hazır deyil. Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə idarə olunan məzənnə siyasətinə üstünlük verilir. Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil”.

Baş bankirin sözlərinə görə, tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə çoxlu sayda valyuta qazanan təşkilatlar olmalıdır: “Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var. Bu, Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30 faiz ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyatda böyük əsəbilik yarada bilər. Buna görə də, biz tam olaraq üzən məzənnə siyasətinə keçmirik, idarəedilən məzənnə siyasətinə keçmişik”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov “Bizim Yol”a şərhində bildirdi ki, Azərbaycan iqtisadiyyatının bazar iqtisadiyyatını hələ ki, tam qavramış şəkildə olmaması çətin situasiya yaradıb: “İqtisadi mexanizmlərin, qanunvericiliyin işləməməsi, o cümlədən, inhisarçılıq, dövlətin iqtisadiyyata müdaxiləsi və sair bu kimi faktorlar inkişafa imkan vermir. Sadaladığımız bu faktorlar manatın üzən məzənnə siyasətinə buraxılmasına da imkan vermir.

Manatın dövlət tərəfindən tənzimlənməsi siyasəti aradan qaldırılarsa, çox ciddi tsikullar yaranacaq. Azərbaycan iqtisadiyyatı isə hazırda bunu həzm etmək gücündə deyil.

Belə olarsa, neftin qiyməti kəskin bahalaşanda manat da kəskin möhkəmlənə, ucuzlaşanda isə milli valyuta dəyərdən düşə bilər. Çünki Azərbaycan manatının arxasında neft və qazın satışından əldə olunan valyuta dayanır. Qeyri-neft sektoru isə ixracımızın cəmi 7 faizini tutur. Yəni bu sektordan ölkəyə valyuta cəlb edə bilmirik. Bu amil imkan vermir ki, manat sərbəst buraxılsın. O zaman qeyri-neft sektorunu məhvə doğru sürükləmiş, manatın ölkə daxilində dövriliyini ciddi şəkildə sarsıtmış olarıq. Biznes sektorunda milli valyutanın istifadəsi meylləri aşağı düşə bilər. Bu, sonrakı dövrlərdə manata olan etibarı, onun alqı-satqı predmetinə çevrilməsini sual altına qoymuş olar. Ona görə də bu gün manatın dövlət tərəfindən tənzimlənməsi ən adekvat variantdır”.

Ekspert bildirdi ki, bu gün hətta neft sektorundan daxil olan vəsaitlərlə də bağlı problemlər yaşanır: “Məsələn, Dövlət Neft Şirkətinin hal-hazırda Azərbaycana cəlb edə biləcəyi valyutanın məbləği kifayət qədər aşağıdır. SOCAR istehsal etdiyi məhsulları daxili bazara yönəldir. Şirkətin xarici ölkələrdə qoyduğu investisiyalardan əldə etdiyi gəlirlərə gəlincə, burada hələ ki, ciddi mənfəət əldə olunmayıb. Həmin layihələr bitmədiyindən əldə olunan gəlirlər yenidən investisiya edilir. SOCAR-ın özü hazırda xarici kredit təşkilatlarından kifayət qədər borc alıb. Həmin borcları qaytarmaq üçün Dövlət Neft Şirkəti, hətta ölkədən belə valyuta çıxarmaq məcburiyyətində qalır. Bu gün ölkəyə daxil olan valyuta mənbəyi əsasən, Dövlət Neft Fondudur. 25 ildə bazarın liberallaşdırılması, rəqabət tutumlu ixrac imkanlarının boğulması istiqamətində az işlər görüldüyündən, indi acı nəticələr ilə üz-üzə qalmışıq”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə deyir ki, E.Rüstəmovun son açıqlaması manatın növbəti devalvasiyası barədə məlumatlara yol açmasına gətirib çıxarıb: “Bu gün Mərkəzi Bankın manata birbaşa və ya dolayı yönəlik istənilən addımı cəmiyyətdə devalvasiya qorxusu yaradır. Mərkəzi Bankın bu sahədə işini düzgün qurmaması, cəmiyyəti uzun müddət qeyri-müəyyənlikdə saxlaması “hökumət gizlincə hansısa addım atılacaq” fikrini hakim etdi”.

Üzən məzənnənin devalvasiya ilə əlaqəsinə gəlincə, iqtisadçı qeyd edir ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, iqtisadiyyat pis diversifikasiya olunub: “Deməli, manatın gücü yeganə olaraq ölkə iqtisadiyyatı yox, neftin dünya bazarındakı qiymətidir. Ona görə də tam üzən məzənnəyə keçməsi iqtisadiyyatı fəlakətə apara bilər. Təsəvvür edin ki, üzən məzənnə olsaydı, 2010-2014-cü illərin əvvəli dollar 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi. Mərkəzi Bank valyuta alışı hesabına buna imkan vermədi. 2014-cü ilin sonlarından başlayaraq isə manata təyziq artdı və onun ucuzlaşması məsələsi gündəmə gəldi. Belə vəziyyətdə devalvasiyaya qədər Mərkəzi Bank müdaxilə etməsəydi, dollar ən azı 2-3 manata qədər bahalaşa bilərdi. Hər iki vəziyyətdə bazara müdaxilə manatı bəlli səviyyədə saxlamağa imkan verdi. İndi əgər üzən məzənnəyə keçilsə, manatın sürətlə ucuzlaşmaşı baş verəcək. Ona görə də Azərbaycanın tam üzən məzənnəyə keçməsi real deyil. Açığını deyim ki, bu üfüqdə də görünmür. Ən azı yaxın 5 ildə ehtimal etmirəm. Hətta iqtisadiyyatın Azərbaycanda yaxşı diversifikasiya olunmuş Rusiya tam üzən məzənnəyə keçə bilmədi. Rusiya Mərkəzi Bankı maliyyə alətləri ilə rublun kursunu tənzimləyir. Hətta hərdən intervensiyanı da əsirgəmir”.

S.Əliyev növbəti devalvasiyanı qaçılmaz hesab edir: “Manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək. Neft hara getsə, manat da ora gedəcək. Yəni neftdə 30-40 dollara qədər ucuzlaşma olarsa,ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20 faiz ucuzlaşacaq. Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər. İndiki səviyyədə qalsa, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq. Fikrimcə, ilin sonuna kimi manat dəyərini ən azı 10 faiz itirəcək. Elman Rüstəmov da, əslində, kəskin devalvasiya olmayacaq deyəndə, idarəolunan üzən məzənnə siyasətinə keçidi elan edəndə bunu nəzərdə tutur. Ona görə də bundan sonra manatın məzənnəsinin zəif də olsa “üzdüyünü” müşahidə edəcəyik”.

Son xəbərlər
Digər xəbərlər