“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət büdcəsində ötən il yaranan 6,5 %-lik kəsirdən sonra, bu il ümumi daxili məhsulunun (ÜDM) 4,9 %-i həcmində profisit proqnozlaşdırır.
Bu barədə “Fitch Ratings” məlumat yayıb.
“Bu ilki fiskal balansdakı yaxşılaşma, neftin qiymətinin yüksəlməsi, iqtisadi bərpa, normativ tələblərin yerinə yetirilməsi ilə güclü vergi daxilolmaları (2021-ci ilin yanvar-sentyabr aylarında illik 12 %-lik artım) və pandemiyaya dəstək tədbirlərinin ləğvi ilə şərtlənir”, – “Fitch Ratings” bildirir.
Qurum, dövlət büdcəsinin profisitinin gələn il ÜDM-in 1,1 %-nə qədər azalacağını və 2023-cü ildə isə 1 %-lik kəsirə qayıdacağını proqnozlaşdırır: “Bu böyük ölçüdə aşağı neft qiymətlərini və işğaldan azad edilmiş torpaqlarda infrastruktur xərclərinin (ÜDM-nin 2,5 % nisbətində) daha sürətli icrasını əks etdirir. Ancaq, bu, 4 % və 3,5 %-lik “BB” median kəsiri ilə müqayisədə müsbətdir”.
“Fitch Ratings” hesab edir ki, hökumət 2022-ci ildə qeyri-neft üzrə ilkin balansın illik azaldılması və borc hədəfini özündə əks etdirən yenilənmiş büdcə qaydasını tətbiq etməyi planlaşdırır ki, bunun ardıcıl icrası isə ortamüddətli dövrdə fiskal buferləri gücləndirməyə kömək edəcək.