Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir.
Dəyişikliklərə əsasən, mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4 000 kubsantimetrədək olduqda 5 600 manat məbləği dəyişməz olaraq qalır.
Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat (hazırda 18 600 manat + hər kubsantimetrə görə 35 manatdır) ödəniləcək.
Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır) ödəniləcək.
Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.