Nazirlər Kabineti “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edərək, artıq ödənilmiş icbari tibbi sığorta haqlarının qaytarılması qaydalarını müəyyən edib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
22 noyabr 2021-ci il tarixli 365 nömrəli Qərara əsasən, sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortaedənin razılığı ilə məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir. Həmçinin, sığortalı ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılmasını, icbari tibbi sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortalının razılığı ilə icbari tibbi sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir.
Qərarda göstərilir ki, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə məbləğlər vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının müvafiq olaraq borcu olmadığı hallarda qaytarılır. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu Qaydalarla müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.
Qeyd olunur ki, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vəsaitlərin qaytarılması zamanı vergi ödəyicisi, sığortaedən və ya sığortalı ərizə ilə yanaşı təyinatı üzrə köçürülməsi nəzərdə tutulan vəsaitin səhv ödənildiyini təsdiq edən sənədləri də qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.