Böyük Britaniya və İsrail hakimiyyəti COVID-19-un yeni növünün aşkarlanması ilə əlaqədar bir sıra Afrika ölkələrində səyahət məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
Banker.az xəbər verir ki, məlumata görə, Böyük Britaniya Cənubi Afrika Respublikası (CAR), Botsvana, Lesoto, Esvatini (Svazilend), Zimbabve və Namibiyaya noyabrın 26-sından səyahət məhdudiyyətləri tətbiq olunur. Məhdudiyyətlər noyabrın 28-i London vaxtı ilə saat 4:00-a qədər qüvvədə olacaq.
İsrail də həmçinin yuxarında göstərilən bütün dövlətləri, eləcə də Mozambiki COVID-19-a yoluxma riski yüksək olan ölkələrin “qırmızı” siyahısına daxil edib (israillilər üçün bu siyahıdan ölkələrə səfər etmək qadağandır).
Xatırladaq ki, koronavirusun yeni “B.1.1.529” ştamı barədə CAR-ın səhiyyə naziri Co Faala və Böyük Britaniya alimləri məlumat verib. Onların sözlərinə görə, ilk yoluxma halları Cənubi Afrika və Honkonqda qeydə alınıb.