Son günlər manatın məzənnəsində xarici valyutalara nisbətən artım müşahidə edilsə də, hələ də milli valyutamızın dollara nisbətdə məzənnəsi 1.05 manat həddindən aşağıdır.
Bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Son iki gün ərzində respublikada ABŞ dollarının qiymətində müşahidə olunan ucuzlaşma ilə bağlı məsələyə münasibət bildirən ekspert qeyd edib ki, əslində, dollarlaşma meylinin azaldılmağı, manata inamın mərhələli şəkildə bərpa edilməyi üçün 21 fevral tarixli qərardan sonra Mərkəzi Bankın milli valyutanın məzənnəsini müqayisəli şəkildə möhkəmləndirməyi vacib idi: “Son günlər manatın mövqeyinin müqayisəli şəkildə güclənməyi dollar tələbatını azaltmaq məqsədi daşıya bilər. Hətta məzənnənin cüzi dərəcədə möhkəmlənməyi belə manatın kursunun kəskin azalacağı ilə bağlı narahatçılığın səngiməyinə və dollara olan tələbin müəyyən qədər azalmağına səbəb ola bilər.
Təbii ki, Mərkəzi Bankın növbəti günlərdəki məzənnəsinə uyğun olaraq, daha detallı rəy vermək mümkün olacaq. Məzənnə siyasətinin həm də inzibati şəkildə MB tərəfindən müəyyənləşdirildiyini və pul bazarının rolunun zəifliyini nəzərə aldıqda, mövcud tendensiya ilə bağlı konkret proqnozlar vermək mümkün deyil. Daha yaxşı olar ki, MB Rusiyanın təcrübəsindən istifadə edərək, aprel ayının sonunadək manatın dollara nisbətdə məzənnəsini 1 qəpik bahalaşdırsın.”
Vüqar Bayramov əlavə edib ki, baş bankda belə rəsmi məzənnə siyasəti həyata keçirilərsə, o zaman investisiya xərclərini azaltmaq, kəskin dollarlaşmanın qarşısını almaq mümkün olar: “Son dövrlər əsas tərəfdaş ölkələrdə, xüsusilə Rusiyada mili valyutaların möhkəmlənməyi də bunun üçün iqtisadi və psixoloji zəmin yaradır.”
Digər iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, dünya bazarında bir tərəfdən dollar əsas valyutalara nisbətən ucuzlaşır, digər tərəfdən də neft “qara qızıl” hasilatı ilə bağlı optimist olmayan proqnozlar fonunda bahalaşır: “Hər ikisi Azərbaycan üçün əlverişlidir. Ona görə də Azərbaycanda dolların ucuzlaşması prosesi gedir. Bu ucuzlaşma rəsmi məzənnədə müşahidə edilir. Ucuzlaşmanın davam etməyi əsasən dünya bazarında neftin qiymətindən və təbii ki, FED-in dollarla bağlı qərarından asılı olacaq.
Düşünürəm ki, hazırkı ucuzlaşma müvəqqətidir. Ucuzlaşma tendensiyası daha realdır.”
SalamNews