Siz öz evinizin alqısına, təmirə və ya mebel ilə təchizinə nə qədər vəsait sərf etmisiniz? Bütün bunları siz göz qırpımında, cəmi bir neçə saatın ərzində itirə bilərsiniz. Yanğınsöndürmə və xilasetmə xidmətləri bu tıxaclı yolları qət edərək, sizin evinizə neçə saata gəlib çıxa bilər? Siz bilməlisiniz ki, istənilən şəxsi mənzil 40 dəqiqəyə tamamı ilə yanıb kül ola bilər.
Onda artıq mülkiyyət sahibini daha çox narahat edən məsələ, heç də evin hansı səbəbdən yanması olmayacaq. Onu ən çox bir sual incidəcək: bəs dəymiş ziyanı kim ödəyərək, onun illər ərzində çəkdiyi zəhməti geri qaytaracaq?
Daşınmaz əmlakı necə sığortalamaq olar? İlk öncə onun real bazar dəyərini müəyyən etmək lazımdır. Sız sığorta haqqı olaraq təyin edilmiş məbləğin müəyyən faizini ödəyəcəksiniz. Real bazar qiymətinin müəyyənləşdirilməsi üçün sığorta şirkətinin eksperti gəlir, evin rəsmləri çəkilir və s. qiymətləndirmə üçün uyğun şöbəyə göndərildikdən sonra hər iki tərəfin nəzarəti altında qiymətlər dəqiqləşdirilir. Əmlak hər iki tərəfin razılaşdırdığı məbləğə sığortalanır. Daşınmaz əmlakınız sığortalanması dedikdə, mənzilinizin, evinizin, bağınızın, ofisinizin, müəssisələr, zavodlar, anbarlar və s. nəzərdə tutulur.
Əmlak sığortasının aşağıda göstərilən 2 əsas növü vardır:
– Bütün risklərdən sığortalanma – təminatı bütün risklərdən qorunmaq imkanı verir (müharibə, terrorizm, üsyan, vətəndaş müharibəsi, nüvə silahı ilə bağlı risklər və s. istisna olmaqla)
– Paket şəklində olan risklərdən sığortalanma – yalnız sığorta paketinə aid edilən risklərdən qorunmaq imkanı verir.
Aşağıdakı hallarda sığorta xidmətindən istifadə edə bilərsiniz:
- yanğın, ildırım vurma, partlayış;
- zəlzələ, yer sürüşməsi, subasma, fırtına və s;
- yaşayış yerlərinə zorla daxil olma,oradan çıxma əlamətləri ilə müşayiət olunan oğurluq halları;
- suyun vurduğu ziyan;
- üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri;
- icarəyə götürənin məsuliyyəti;
- istehsalatda yaranan fasilə.
Sığorta zamanı qənaət etməyə cəhd etməyin mənfi tərəfi ondadır ki, bu zaman ödənilən təzminat zərəri tam əhatə etməyə bilər. Həmçinin bunun əksinin müşahidə olunduğu hallar da mövcuddur. Bu zaman ev sahibi daha çox məbləğ əldə etmək ümidi ilə əmlakın dəyərini olduğundan daha artıq göstərir. O, sığorta ödənişlərinin miqdarını daha çox ödəyir ki, təzminatın miqdarı da böyük olsun, amma sonda o yenə də real zərərin məbləğində təzminat alır. Zərərin məbləğini isə müstəqil ekspert müəyyən edir.
Sığorta hadisəsi baş verəndən sonra əmlakın sahibi bir gün və ya ən çoxu bir neçə gün ərzində bu haqda sığorta kompaniyasına məlumat verməlidir. Hadisə yerinə ekspert gəlir, o hadisənin nəticələrinin təsvirini həyata keçirir və fotoşəkillər çəkir. Daha sonra sənədlərin toplanması baş verir, zərərin qiymətləndirilməsi həyata keçirilir, hadisənin baş vermə səbəbləri haqqında yekun rəy alınır. Yalnız bundan sonra zərərçəkən müvafiq kompensasiya alır. Aşağıdakı hallarda isə sığorta kompaniyası ödəniş etməkdən imtina edə bilir:
- fırıldaqçılıq halı sübuta yetirilərsə;
- əmlakla bağlı rəsmi sənədlər olmazsa;
- risk sığorta edilməyibsə;
- sığortaçının səhlənkarlığa yol verdiyi sübuta yetirilibsə.