Hesablama Palatası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəy verib.
Rəy “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın (Qaydalar) 4.1-ci bəndinə müvafiq olaraq hazırlanıb.
Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 noyabr tarixli 1685 nömrəli Fərmanı ilə dəyişikliklər edilib. Həmin dəyişikliklərlə Dövlət Neft Fondunun (Fond) büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra İcraçı direktor tərəfindən Fondun büdcəsinin layihəsi Dövlət Neft Fondunun vəsaitininin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ilə birlikdə rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq Dövlət Neft Fondunun Müşahidə Şurasına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim etməsi, Müşahidə Şurası tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının rəyi nəzərə alınmaqla Fondun büdcə layihəsinə dair rəy verməsi nəzərdə tutulub.
Hesablama Palatasının rəyində Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Neft Fondu haqqında Əsasnamə ilə müəyyən edilmiş vəzifə və funksiyalarının həyata keçirilməsi üçün 2022-ci ildə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin Fondun fəaliyyətini tənzimləyən qanunvericilik aktları ilə uyğunluğu araşdırılıb.
Rəy hazırlanarkən Fondun büdcəsinin 2020-ci il üzrə icra göstəriciləri, 2021-ci ilin proqnoz və gözlənilən icra göstəriciləri ilə müqayisəli təhlillər aparılıb, Rəy “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirlərinin mədaxil mənbələri üzrə daxilolmalara dair göstəricilər, 2021-ci ilin 9 ayının icrası üzrə Fondun statistik məlumatlarından, Hesablama Palatasına təqdim edilmiş hesabatlar və məlumatlardan, Hesablama Palatasının müvafiq analitik məlumat bazasından, müxtəlif rəsmi internet səhifələrinin müvafiq məlumatlarından istifadə edilməklə və təhlillər aparılmaqla hazırlanıb ki, bu da kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir və digər təşkilatların ekspert mühakimələrindən fərqli ola bilər.
Rəy “Ümumi müddəalar”dan, “Dövlət Neft Fondunun 2022-ci il üçün büdcəsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsinin ümumi xarakteristikası, Dövlət Neft Fondunun 2022-ci il büdcə gəlirləri, Dövlət Neft Fondunun 2022-ci il büdcə xərcləri ilə bağlı alt bölmələrdən, həmçinin nəticələr və ayrı-ayrı istiqamətlər üzrə Hesablama Palatasının müvafiq tövsiyələrindən ibarət olmaqla tərtib edilib.