Yayımlanan yalançı reklamlara aldanmayın
Reklam əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədilə yayılan informasiyadır. Bu məlumatı hazırlayan fiziki və ya hüquqi şəxslər isə reklam istehlakçısı hesab olunur.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, istehlakçını çaşdıra bilən, onun seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması kimi hərəkətlər yolverilməzdir.
Qanunvericiliyə görə respublikamızda yanlış, qeyri-etik, qeyri-dəqiq, bilərəkdən yalan, haqsız, gizli reklama yol verilməməlidir. Eyni zamanda məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan əmtəələrin reklamı qadağandır.
Qeyd edək ki, istər ərzaq məhsulları, istərsə də qeyri-ərzaq malları aldığımız zaman aldanmaqdan heç birimiz sığortalanmamışıq. Əksər hallarda isə istehlakçı düşdüyü vəziyyətin fərqinə yalnız aldığı məhsulu evə gətirdikdən sonra varır. İstehlakçıların çaşdırılmasına yönələn reklamlar, malların saxtalaşdırılması bu gün dünya üçün yenilik olmasa da, saxtalaşdırma variantları və üsulları getdikcə “müasirləşir”.
Yəqin ki, satdığı mal və məhsulun məziyyətləri barədə ağızdolusu danışan satıcıların şirin dilinin təsiri altında, bəhbəhlə reklam olunan və sizə qətiyyən gərək olmayan heç olmasa bir dəfə də olsa nəsə aldığınızı xatırlayarsınız. Amma söhbət təkcə malın həmin anda gərəksiz olmasından deyil, onun reklamı zamanı məhsul barəsində verilən informasiya ilə onun keyfiyyəti arasında uyğunsuzluqlara daha çox təsadüf edilməsindədir.
İstehlak bazarında aparılan monitorinqlərin nəticələrinin təhlili göstərir ki, faktiki olaraq malların saxtalaşdırılaraq satılması, istehlakçıların müxtəlif üsullarla aldadılması, alıcıların mal haqqında həqiqətə uyğun olmayan məlumatların verilməsi yolu ilə çaşdırılması kimi qanun pozuntularına yol verilir.
Hər bir istehlakçı bilməlidir ki, mövcud qanunvericiliyə görə ticarət obyekti müştəriyə onu maraqlandıran mal haqqında dolğun və dürüst məlumat verməyə borcludur. Məhz bu baxımdan istehlakçı hüquqları sistemində əsas hüquqlardan biri istehlakçının düzgün məlumat əldə etmə hüququdur. Ticarət obyekti istehlakçıya onu maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, və s. barədə düzgün məlumat verməlidir.
Lakin təssüflər olsun ki, nə istehlakçılar, nə də ticarət obyektləri bu məsələdə hüquq və vəzifələrinə kifayyət qədər məsuliyyətlə yanaşmırlar. Əksinə aldadıcı reklam vasitəsilə istehlakçıların hüquqları kobud şəkildə pozulur. Bu vəziyyəti yaradan səbəblərdən biri də reklamların psixoloji təzyiqidir. İstehlakçı şişirdilmiş (bəzən yalançı) müsbət tərəfləri haqqında müvafiq məlumatları özündə əks etdirən məhsulu məmnuniyyətlə seçir. Çünki bir qayda olaraq bu cür məhsulların üzərində onların əks-təsirləri və müxtəlif xəstəlikləri, allergiyası olan insanlara ziyanı barəsində məlumatlar olmur.
Qeyd olunanları ümumiləşdirsək belə qənaətə gəlmək olar ki, ticarət obyektləri tərəfindən istehlakçıların aldadılmasına yönəlik həmlələr davam edir. İnzibati metodlarla bunun qarşısının alınması qeyri-mümkün görünür. Ancaq hər bir istehlakçının bu məsələlərdə diqqətli olması və hüquqlarını tələb etməsi optimal çıxış yolu ola bilər. Hətta reklam kompaniyalarının təsirinə düşüb ticarət obyektində nəyisə almaq istədikdə onun haqqında məlumatları və müvafiq sənədləri satıcıdan tələb edin. Bu sizin qanunla təsbit olunmuş hüququnuzdur. Əgər satıcı bu məlumatları sizə təqdim etmək istəməsə onda həmin malları almayın. Bu barədə aidiyyəti üzrə məlumat verin.
ANS PRESS