Azərbaycan Milli Elmlər Akademiyası akademik H. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun müsahibəsində Kürün son durumu ilə bağlı açıqlamalar verib.
Onun sözlərinə görə, suvarma sistemlərinə nəzarət gücləndirilsə, Kürün suyu kifayət qədərdir.
Sual: Kürün deltasında son durum necədir? Yaranmış problem istiqamətində hansı işlər görülməlidir?
Zakir Eminov: Mən də bir neçə dəfə iclaslarda iştirak etmişəm. Qeyd olunub ki, Kürün qarşısını kəsmək lazımdır ki, gələn su Xəzər dənizi ilə qarışmasın. Mingəçevir su anbarından keçəndən sonra Kürün müəyyən hissəsində xüsusən yay aylarında, suvarma dövründə sudan istifadəyə nəzarəti gücləndirmək lazımdır. Nəzarət gücləndirilsə, Kürün suyu kifayət qədərdir. Əkin sahələri artırılmayıb, əhalinin sayı da ciddi şəkildə artmayıb. Düzdür, kənd əhalisinin sayı artır, amma o dərəcədə artmayıb ki, bir-iki il ərzində Kürün suyu quruya. Nəzarət gücləndirilsə, Azərbaycanda su problemi yoxdur. Azərbaycanın Aran rayonları və Naxçıvan Muxtar Respublikasının Şərur-Ordubad düzənliyində, ümumiyyətlə, düzənlik ərazilərin hamısında yayda suya tələbat var və suvarma olmadan əkinçilik mümkün deyil. Yuxarı Şirvan kanalının uzadılması çoxdan vacib olan tələblərdən biridir. Kiçik Qafqazın çox zəngin yeraltı su ehtiyatları var, onlardan heç danışılmır. Yalnız yerli məqsədlər üçün istifadə olunur, ətraf rayonlar üçün də bir az istifadəsi mümkündür. Sadəcə onların yenidən qiymətləndirilməsi günün vacib tələbidir.
Kürdəki problemi deltada axtarmaq lazım deyil, problemi çayın Azərbaycana keçən hissəsində həll etmək lazımdır. Kürün üzərində 4, Arazın da üzərində bir neçə su anbarı var. Su anbarları doldurulmalı və Xəzərə buraxılan su nizamlanmalıdır. Qış aylarında bu anbarlara su yığılıb, yayda istifadə olunmalıdır.
Araz üzərində Araz, Xudafərin, Mil-Muğan və Bəhramtəpə su anbarları var və hazırda Ordubad su anbarı da tikilir. Xudafərin su anbarı kifayət qədər böyükdür. İran ərazisi üçün oradan suvarma kanalı çəkilib, bizim üçün şlüz qoyulub. Bu məsələni tezliklə həll etmək lazımdır. Anbar o demək deyil ki, çayın qarşısını kəssin, çayın suyu ora dolsun. Su çox gələndə yığılıb, az olanda istifadə edilməlidir. İndi yağış və qar mövsümüdür, amma bizdə demək olar ki, dağlarda iqlim normasına uyğun yağış yağmır, qar ümumiyyətlə yoxdur. Sinoptiklər deyirlər qar yağacaq, amma qar yağması çayların qidalanması üçün kifayət deyil, daha çox olmalıdır. Oturub gözləyə bilmərik ki, nə vaxt qar yağacaq və bizim çaylara su gələcək. İdarəolunmanı təkmilləşdirmək lazımdır. Bəs, səhra ölkələri necə yaşayır? Afrikanın şimalında, Ərəbistanda, Mərkəzi Asiyada demək olar çay yoxdur. Səudiyyə Ərəbistanı ildə 7 milyon ton taxıl satır. Onlar çiləmə üsulundan istifadə edir, bəs onlar su problemini necə həll edir? Azərbaycanın bu qədər su mənbələri var, amma biz deyirik su yoxdur. Suyumuz var, amma istifadəyə nəzarət yoxdur.
APA