Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmaq qərarına gəliblər.
Banker.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib. Bildirildiyi kimi, sanksiyaların daha altı ay uzadılması gözlənilir. Məhdudiyyətlər 2014-cü ildə Rusiyanın “Ukraynada vəziyyəti sabitsizləşdirən” hərəkətlərinə cavab olaraq tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.
Avropa İttifaqına üzv ölkələrin liderlərinin Brüsseldə keçirilən sammitində məhdudlaşdırıcı tədbirlərin növbəti uzadılması müzakirə olunub. “Aİ liderləri yekdilliklə Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılması barədə razılığa gəliblər. Biz Rusiyanı Minsk razılaşmalarının icrasına başlamağa çağırırıq”, – deyə cənab Mişel “Twitter”də yazıb.
Dekabrda Ukrayna prezidenti Vladimir Zelenski Donbas danışıqlarında atəşkəslə bağlı irəliləyişə ümid etdiyini bildirib. Rusiya tərəfi iddia edib ki, Ukrayna nümayəndələri danışıqları davam etdirməkdə maraqlı olduqlarını imitasiya edirlər.