18 C
Baku
Friday, November 22, 2024

Mərkəzi Bankdan bazara 2022-ci illə bağlı “infliyasiya” siqnalı

BANKER.AZ- Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə inflyasiya təzyiqlərinin artması davam edib.

Rəsmi statistikaya görə noyabrda aylıq inflyasiya 1.5%, illik inflyasiya isə 11.1% təşkil etmişdir. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6.2%, orta illik baza inflyasiya isə 3.9% təşkil etmişdir.

Azərbaycan Mərkəzi Bankı bu gün faiz dərəcəsinə dair açıqlamasında bildirir ki, inflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.

Azərbaycanda illik inflyasiyanın artması əsasən dünya birja əmtəələrinin bahalaşması və qlobal təchizat zəncirində problemlər kimi xarici mənşəli təklif və xərc şokları ilə izah edilir. Son aylarda bəzi əmtəə qiymətləri və qlobal daşınma xərcləri pik səviyyə ilə müqayisədə azalsa da, pandemiya öncəsi səviyyədən əhəmiyyətli yüksəkdir. Dünya Bankının məlumatına görə noyabrda dünya birjalarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə enerji məhsulları üzrə 2.1 dəfə, qeyri-enerji məhsulları üzrə isə 24.7% artmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri cari ilin noyabr ayında 1.2%, son ildə isə 27.3% yüksəlmişdir. Son 1 ildə un məmulatları 23.2%, süd məhsulları 19.1%, yağlar 51.4%, şəkər 36.4% bahalaşmışdır. Bir sıra ərzaq ixracatçılarında hava şəraitinin pisləşməsi də dünya ərzaq qiymətlərinə təsir edir. Qlobal təchizat zəncirində problemlərin (konteyner daşımaları, mikrosxemlərin istehsalında yubanmalar və s) qalması xammalın və hazır məhsulun çatdırılma xərclərini artırır. Qeyd olunan amillər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanı yüksəltməklə idxal qiymətlərinə təsir edir. İdxal qiymətləri yanvar-oktyabrda ötən ilin eyni dövrünə nəzərən 21.4% yüksəlmişdir.

Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meyilli olmuşdur. Dekabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 29%-i inflyasiya tempinin daha da yüksələcəyini gözləyir.

2022-ci illə bağlı: qiymətlər bahalaşacaq

Azərbaycan Mərkəzi Bankı açıqlayır ki, yenilənmiş proqnozlara görə cari ildə orta illik inflyasiya 6.3-6.6%, illik inflyasiya isə 11.4-11.9% səviyyəsində gözlənilir.

“Baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcəkdir”- deyə açıqlamada bildirilir.

Qeyd edək ki, 2021-ci ilin noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1.9% yüksəlib, illik ərzaq inflyasiyası 14.9% təşkil etmişdir. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7.4% olmuşdur.

Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0.5%, son 1 ildə 7.1% yüksəlmişdir. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4.8% olmuşdur.

Xidmətlər noyabrda 1.6%, son 1 ildə 9.1% bahalaşmışdır. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5.4% təşkil etmişdir. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması amilinin təsirləri davam edir.

 

Son xəbərlər
Digər xəbərlər