Azərbaycan Prezizdenti İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliyi təsdiq edib.
Banker.az xəbər verir ki, qanunda dəyişikliklər aşağıdakılardır:
3.1. 36.3-cü maddədən “, sonuncu hesabat ili üçün maliyyə hesabatlarını və auditor rəyini” sözləri çıxarılsın;
(M a d d ə 3 6. Banklarla onların müştəriləri arasında münasibətlər
36.3. Bank müştərisinin, yaxud onun müştərisi olmaq istəyən hüquqi və ya fiziki şəxsin tələbi ilə öz bank lisenziyasını və sonuncu hesabat ili üçün maliyyə hesabatlarını və auditor rəyini təqdim etməlidir.)
3.2. 43-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 43. Mühasibat uçotu və maliyyə hesabatları
43.1. Bank və xarici bankın yerli filialı maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edir. Banklarda və xarici bankın yerli filiallarında mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Mərkəzi Bank tərəfindən müəyyən edilir.
43.2. Bankların mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.”;
(Əvvəl: M a d d ə 4 3. Banklarda mühasibat uçotu və maliyyə hesabatı
43.1. Bank və xarici bankın yerli filialı qanunvericiliyə və Beynəlxalq Mühasibat Standartlarına uyğun olaraq mühasibat uçotunu aparmalı, fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən hesabatları, o cümlədən illik maliyyə hesabatları tərtib etməlidirlər. Maliyyə vəziyyətini əks etdirən hesabatlar, o cümlədən illik maliyyə hesabatları maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim edilməlidir. Banklarda mühasibat uçotu qaydalarının forması, məzmunu və dövriliyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Maliyyə vəziyyətini əks etdirən hesabatlar, o cümlədən illik maliyyə hesabatlarının forma, məzmunu və dövriliyi müvafiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilir.
43.2. Bankın maliyyə hesabatları ayrıca olaraq bankın və konsolidasiya əsasında (birləşdirilmiş əsasda) onun törəmə təsərrüfat cəmiyyətlərinin, filiallarının, şöbələrinin və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətini və maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları əks etdirir.
43.3. Bir və ya bir neçə yerli filialı olan xarici bank bu Qanunun 43.1-ci və 43.2-ci maddələrində müəyyən edilmiş tələblərə müvafiq hər bir yerli filialı üçün ayrıca və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib edilməsini təmin etməlidir.
43.4. Banklarda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.)
3.3. 45-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 45. Maliyyə hesabatlarının təqdim olunması və dərc edilməsi
45.1. Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməli və dərc etdirməlidir.
45.2. Xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci səkkiz ay müddətində isə xarici bankın kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməli və dərc etdirməlidir.
45.3. Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarını bu Qanunun 45.1-ci və 45.2-ci maddələri ilə müəyyən edilən müddətlərdə Mərkəzi Banka təqdim etməli, habelə özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir.
45.4. Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.”.
( Əvvəl: M a d d ə 4 5. Balans hesabatının və kənar auditor rəyinin dərc edilməsi
45.1. Bank və xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində bankın və xarici bankın yerli filialının kənar auditor tərəfindən təsdiqlənmiş konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatını auditor rəyi ilə birlikdə bankın səhmdarlarına, habelə müştərilərin tələbi ilə onlara təqdim etməlidir.
45.2. Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində konsolidasiya əsasında fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi ilə birlikdə maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.
Bir və ya bir necə yerli filialı olan xarici bank ayrıca olaraq hər bir yerli filialı üçün kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını, habelə auditor rəyi ilə birlikdə beş ay müddətində, konsolodasiya əsasında təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi ilə birlikdə səkkiz ay müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.
45.3. Bu Qanunun 45.1-ci maddəsində göstərilmiş maliyyə hesabatı kütləvi informasiya vasitələrində bank və xarici bankın yerli filialları tərəfindən dərc edilməlidir. Dərc olunan hesabatın forması, məzmunu və müddətləri maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.)