7 C
Baku
Thursday, December 12, 2024

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 66 mln. manat güzəştli kredit ayrılıb

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 30-da SKMF Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Sabunçuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir. 100-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik həcmli istixana təsərrüfatlarının, makaron, dondurma və şirniyyat məhsulları istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 1 819 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 66 mln. manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1 033 investisiya layihəsinin maliyyələşdirilməsinə 229,4 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 7 000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 9,8 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, istixana təsərrüfatı, damazlıq quşçuluq, un və şirniyyat, mebel, ayaqqabı, suvenir, PVC tərkibli yarımfabrikat istehsalı və s. sahələrə yönəldiləcək. Bu layihələrin reallaşdırılması 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Son illər dövlətin güzəştli kreditləri hesabına illik istehsal gücü 58,3 min ton quş əti və 296 mln. ədəd yumurta olan 42 quşçuluq təsərrüfatına 115,6 mln. manat güzəştli kredit verilib. Artıq illik istehsal gücü 37,9 min ton quş əti və 223,9 mln. ədəd yumurta olan 32 quşçuluq təsərrüfatı istifadəyə verilib. Bunun nəticəsində ölkədə sənaye üsulu ilə quş ətinin illik istehsal gücü 100 min tonu ötmüş, özünü təminetmə səviyyəsi yüksəlib.

Forum çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış konserv məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

APA

Son xəbərlər
Digər xəbərlər