10 C
Baku
Thursday, December 12, 2024

“Manatın yumşaq devalvasiyası davam edəcək” – Ekspert

Natiq Cəfərli: “Neftin qiyməti manata ciddi təzyiq edəcək…”

“Manatın yumşaq devalvasiyası davamlı olacaq”. 

İqtisadçı ekspert Natiq Cəfərli belə açıqlama ilə çıxış edib. 

O, bildirib ki, neftin bahalaşmayacağı təqdirdə, manata təzyiqlər davam edəcək: “Bizdə iqtisadiyyat yoxdur, iqtisadi qanunlar işləmir, hər şey inzibati qərarlarla tənzimlənir. Ona görə də, manata yeganə təsir edən amil neftin qiymətidir. Son 2 həftədə müvəqqəti də olsa, neftin qiymətinin 65 dollar civarında sabitləşməsi manatı uzun zaman 1,05 ətrafında saxlamağa yetərli deyil. Manatin “rahat nəfəs alması” üçün neftin qiyməti ən azı 85-90 dollara olmalıdır ki, bu da mümkünsüzdür. Neft bazarı indi İranın bazara daxil olmasına hazırlaşır. Ona görə də, oyunçular bazarda İran faktoruna qədər spekulyasiyalarla neft fyuçerlərində para qazanırlar. Amma dollar bahalaşanda, İran bazara daxil olanda, artıq spekulyasiyalar da qiymətə təsir etməyəcək. 2015-ci ilin ortalama qiyməti 55-58 dollar arasında olacaq ki, bu da manata ciddi təzyiq edəcək və manatın yumşaq devalvasiyası davamlı olacaq”.

Ekspertin sözlərinə görə, rubl da kəskin ucuzlaşacaq. Rusiya Mərkəzi Bankının növbəti toplantısında uçot-faiz dərəcəsinin aşağı salacağı gözlənilir: “Bu günə Bankın uçot dərəcəsi 14 faizdir. Bu, yüksək rəqəmdir, ona görə də Rusiyada kreditlər xeyli bahalaşıb. Biznesin kredit resurslarına çıxış imkanları məhdudlaşıb. Rusiya Mərkəzi Bankı rubl kəskin ucuzlaşan zaman məcburən faiz dərəcəsini bir gündə 17 faizə qədər qaldırdı ki, rublun dəyərsizləşməsinin qarşısını alsın, bu isə kreditləri bahalaşdırdı. İndi Rusiya hökuməti də, biznes çevrələri də Mərkəzi Banka təzyiq edir ki, uçot dərəcəsini ən azı 12 faizə salsın. Çox güman ki, bu gün Bank belə bir qərar verəcək. Bu isə rus rublunun kəskin ucuzlaşmasına gətirib çıxaracaq, Rusiya hökuməti milli valyutanın dollara qarşı məzənnəsinin 55-60 rubl arasında olmağında maraqlıdır. Ona görə də, kimin indi əlində rubl varsa, axşama qədər dollara dəyişsə, daha yaxşı olar”.

Ekspertin sözlərinə görə, dünyada əsas izlənilən valyuta məzənnəsi dollar-avro nisbətidir: “Son 1 həftədə dollar avro qarşısında xeyli zəiflədi, bunun əsas səbəbi isə ABŞ Federal Rezerv Sisteminin, FED-in uçot-faiz dərəcəsinin qaldırılmasını ertələməsi oldu. FED-in toplantısı oldu, dəqiq bilinən odur ki, 2015-ci ildə faiz dərəcəsi artacaq. Amma ola bilər ki, bu, iyunda deyil, sentyabrda baş versin, bu isə dolları bahalaşdırdı. Amma avronun daha ağır bir dərdi var – Yunanıstan! Yunanıstanın Avrozonadan çıxma ehtimalı xeyli yüksəlib. Afina 12 maya qədər ciddi qərar verməlidir: ya Avropa Birliyinin təklif etdiyi şərtlərlə müqavilələri imzalamalı, ya da özünü bankrot elan etməlidir. 12 maya qədər Afina 750 milyon avro borc qaytarmalıdır ki, onların da buna imkanı yoxdur. Yəni Çipras hökuməti AB paketini imzalasa seçicilərini, səslərini itirəcək. İmzalamasa, Yunanıstan bankrot elan olunacaq, bu da avronun kəskin ucuzlaşmasına səbəb olacaq. Yunanların ümumi 330 milyard avro borcları var. Afinanın Avrozonadan çıxması və bankrotluğunun elan etməsı avronun 15-20 faiz dəyər itirməsi ilə nəticələnə bilər. Yəni, yaxın zamanlarda dolların avro qarşısında yeni yüksəliş trendini izləyə bilərik. Əslində bu, AB ölkələrinə sərf edir. Ən böyük totalizator şirkəti olan “William Hill” şirkəti aprelin 23-dən sonra Yunanıstanın Avrozonadan çıxmasına qoyulan stavkaları artıq qəbul etmir. Çünki bu, o qədər realdır ki, stavka qoyanların sayı kəskin artıb. “William Hill” uduzacağından çəkinərək, stavkaları dayandırıb”.

Musavat.com

Son xəbərlər
Digər xəbərlər