2021-ci ilin yanvar-noyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 45.2% artaraq 39.2 milyard manat təşkil edib.
Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Sənaye məhsulunun 76.4 faizi mədənçıxarma, 20.6%-i emal, 2.3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 83.8% olub. 2020-ci ilin yanvar-noyabr aylarında isə bu pay 78.7% idi.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2021-ci il vəziyyətinə 306.3 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74.2 mln. manat məbləğində digər məhsullar da mövcud olub.