2 C
Baku
Saturday, December 14, 2024

Konstitusiya Məhkəməsinin iclası – Ekspertin fikirləri

Hüquqşünas Əkram Həsənov Konstitusiya Məhkəməsinin (KM) bügünkü iclası haqqında  müşahidələri ilə paylaşıb. Əkram Həsənov bildirir ki,  1 saat 55 dəqiqə davam edən iclasda qərar qəbul edilmədi. Sədr dedi ki, bu günlərdə qərar elan olunacaq.  Xatırladıram ki, KM qarşısında 2 sual durur: 1) xarici valyutada kreditlər və əmanətlər qanunidirmi? 2) xarici valyutada kredit və əmanətlər öhdəliyin yarandığı, yoxsa cari məzənnə ilə manatla qaytarılmaldır?

Qabaqcadan deyim ki, çıxışlar əsasən birinci suala həsr olunmuşdu (bəziləri ikinci suala heç toxunmadı!). Əvvəllər də deyirdim ki, əsas elə məhz birinci sualdır. Çünki məhz burada bankların mövqeyi hüquqi cəhətdən ümidsiz, praktiki cəhətdən isə olduqca ağırdır.
Onu da deyim ki, mənim bir neçə gün öncə KM-nə ünvanladığım hüquqi rəydə əks-arqumentlərin nədən ibarət ola biləcəyini yazmışdım. İclasda bu baxımdan yeni heç nə deyilmədi. Əks-arqumentlər hüquqi cəhətdən zəif idi və əsasən bu şüara söykənirdi: banklara kömək etməsək, yoxsa hamıya pis olacaq.

Hakimlər iclas zamanı birtərəf görünürdü. Yalnız R.Qvaladzenin daha çox bankların, S.Həsənovanın isə əhalinin tərəfində olduğu cüzi hiss olunurdu (bəlkə də mənə elə gəldi).
İclasda 7 nəfər çıxış etdi. KM-in hakimləri (Qvaladze, Salmanova, Həsənova, Nəcəfov və Şəfiyev) onlara bəzi suallar verdi. Həmin 7 nəfərin ilk 4-ü əsasən bankların əleyhinə olan mövqedən çıxış etdilər, qalan 3-ü isə, əksinə, bankları tam müdafiə etdilər. Onlar nə dedi?

İlk çıxışı Ombudsmanın nümayəndəsi (adı ya Mahir idi, ya da Vahid – dəqiq eşidə bilmədim, Aparatın sektor müdiridir vəzifəsi) etdi. Ən radikal çıxış idi. Mənası bu idi ki, xarici valyutada olan kreditlər qanunsuzdur və kredit məbləğləri alındığı günün məzənnəsi ilə banklara qaytarılmalıdır.

Başqa sözlə, Ombudsman hər iki məsələnin əhalinin xeyrinə (deməli, bankların əleyhinə) həll olunmasını tələb etdi. Hakim Qvaladze ona sual verdi ki, kreditin verilməsi ödənişdirmi? Sualın gizli mənası Konstitusiyanın pozulub-pozulmaması idi. Cavab verildi ki, bəli, ödənişdir, buna görə də nəinki Mülki Məcəllə (MM), həmçinin Konstitusiyanın 19-cu maddəsi bununla pozulur. Hesab oldu 1:0 əhalinin xeyrinə.

İkinci çıxışı Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev etdi. Bu çıxışda əsasən fikir bildirilmədi. Sadəcə bir daha deyildi ki, MM-in 439.1, 439.2 və 439.7-ci maddələrinin şərhini xahiş edirlər. Hakim Qvaladze bundan da soruşdu ki, kreditin verilməsi ödənişdirmi? Cavab oldu ki, bəli, ödənişdir (yəni xarici valyutada kredit vermək Konstitusiyanın pozulmasıdır). Hesab oldu 2:0 əhalinin xeyrinə.

Üçüncü çıxışı BDU-nun Mülki hüquq kafedrasının dosenti Azad Talıbov etdi. Alimlərə xas olan tərzdə Azad müəllim nəzəriyyəyə çox vardı. Buna görə də 439.2 və 439.7-ci maddələrə dair rəyi mənə tam aydın olmadı. Birinci sualın cavabı isə əhalinin xeyrinə oldu. Hakim Qvaladze bundan da soruşdu ki, kreditin verilməsi ödənişdirmi? Cavab oldu ki, xeyr, kreditin verilməsi ödəniş deyil, qaytarılması ödənişdir (başqa sözlə, Talıbov, əvvəlki natiqlərdən fərqli olaraq, kreditin xarici valyutada verilməsini Konstitusiyaya zidd hesab etmədi).

Buna hakim Südabə Həsənova reaksiya verdi: “Mənim subyektiv fikrimə görə kredit müqaviləsi üzrə iki öhdəlik yaranır. Bank kredit verməli, borc alan onu ödəməlidir. Deməli, kreditin verilməsi də ödənişdir. Buna görə də məndə sual yaranır. Biz bu il Konstitusiyanın 20 illiyini qeyd edəcəyik. Belə çıxır ki, banklar 20 il ərzində Konstitusiyanı pozub?!” Lakin Azad müəllim əvvəlki fikrinin üstündə durdu ki, xeyr, kreditin verilməsi ödəniş deyil. Hakim Qvaladze növbəti sual verdi: “Siz dediniz ki, 439.2-ci maddə 439.1-ci maddənin davamıdır. Lakin belə olsaydı, 439.2-nin müddəası elə 439.1-də təsbit edilərdi. Nə düşünürsüz bu barədə?” Bu sualın gizli mənası bu idi ki, 439.1 yerli şəxslər arasında xarici valyutada pul öhdəliyini qadağan edir, amma 439.2-də bu, guya birmənalı deyil. Əlbəttə, sadəlövh yanaşmadı. 439.1 qadağa müəyyən edibsə, deməli, 439.2-də bu qadağa çərçivəsində olan müddəadır, bəndlərin ayrı-ayrı olması isə texniki məsələdir, qanunvericilikdə bu kimi misallar çoxdur. Buna görə də Azad müəllim haqlı olaraq tələyə düşmədi və dedi ki, xeyr, 439.2-ci maddə 439.1-in davamıdır. Bu anda hakim Şəfiyev Talıbovdan birbaşa soruşdu: xarici valyutada kredit müqaviləsi mümkündür? Talıbov cavab verdi ki, Konstitusiyaya zidd deyil, amma yerli şəxslər arasında MM-in 439.1-ci maddəsinə ziddir, buna görə də etibarsızdır. Hesab oldu 3:0 əhalinin xeyrinə.

Dördüncü çıxışı Ali Məhkəmənin hakimi İlqar Dəmirov etdi. 439.2 və 439.7-yə heç toxunmadı. Ümumən dedi ki, bu məsələlərə baxarkən MM-in borc fəslini də təhlil etmək lazımdır. Fikri tam aydın deyildi. Amma yekunu belə vurdu: 439.1 və 439.2 Konstitusiyaya ziddir. O mənada ki, ölkədə xarici valyutada pul öhdəliyini heç bir halda ifadə etmək olmaz və xarici valyutada ödəniş etmək olmaz. Hesab oldu 4:0 əhalinin xeyrinə.

Beşinci çıxışı Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov etdi. 439.2 və 439-yə bu da toxunmadı. Bütün diqqəti verdi 439.1-ə və bankları açıq-aşkar müdafiə etdi. Əvvəla, dedi ki, Konstitusiyanın 19-cu maddəsi bank-kredit münasibətlərinə aid deyil. Bank istədiyi valyutada krediti ifadə də edə bilər, verə də bilər, qaytara da bilər. Niyə görə Konstitusiya banklara aid deyil – sual olaraq qaldı. Natiq bunu açıqlamadı. Belə çıxdı ki, Konstitusiya banklara şamil olunmur! 439.1 haqda isə dedi ki, orada yenə də söhbət ödəniş vasitəsindən gedir (halbuki, həmin maddədə “ödəniş vasitəsi” termini heç yoxdur!), buna görə də Konstitusiyanın davamıdır və banklara aid deyil. Bununla da belə nəticəyə gəldi ki, MM-in pul öhdəliklərinə dair müddəaları kreditə aid deyil. Kredit münasibətləri guya ki, yalnız MM-in “Borc” fəsli ilə tənzimlənir. Ən maraqlısı budur ki, həm KM, həm də digər məhkəmələr indiyə qədər kredit mübahisələrinə baxarkən həmişə MM-in pul öhdəliklərinə dair müddəalarına istinad ediblər. İndi isə Əsədov bunun tam əksini deyir. Sonda isə o xəbərdarlıq etdi: fərqli qərar qəbul edilərsə, xarici valyutada bütün kredit müqavilələri etibarsız olacaq, bu da ölkədə böyük problemlər yaradacaq. Başqa sözlə, hakim Konstitusiyaya və qanunlara deyil, qərarın iqtisadi nəticəsinə istinad etdi. Maraqlı yanaşmadır. Nə isə, banklar hesab arasındakı fərqi azaltdı: 4:1.

Altıncı çıxışı Mərkəzi Bankın baş direktoru Rəşad Orucov etdi. Digər çıxış edənlərdən fərqli olaraq, o, hüquqşünas deyil. Mərkəzi Bankın İdarə Heyətinin üzvü də deyil. Başqa sözlə, Mərkəzi Bankı nə rəhbərliyi (özlərinə sığışdırmadılar?), nə də hüquqşünasları (utandılar?) təmsil etmirdi. Buna görə iqtisadçı Orucov faktiki olaraq ondan əvvəlki natiqin yanaşmasını qısaca təkrarladı: yəni bank-kredit münasibətlərinə nə Konstitusiya, nə də MM-in pul öhdəliklərinə dair müddəaları guya ki, şamil edilmir (bir neçə gün öncə KM-yə göndərdiyim rəydə bu yanaşmanın yanlış olduğunu əsaslandırmışam, təkrar etmək istəmirəm). 439.2 və 439.7-ci maddələrə heç toxunmadı. Bundan sonra isə keçdi iqtisadiyyata. Həm qorxutdu, həm də yalvardı ki, başqa qərar versəniz, banklar batacaq, banklar batsa, maliyyə sabitliyi pozulacaq, hamı batacaq, bir sözlə, az qala apokalipsis olacaq. Mətbuatda bu çıxış artıq işıqlandırılıb, ona görə ətraflı dayanmağa lüzum görmürəm.

Uzun sözün qısası: Mərkəzi Bank hüquqi arqumentlər gətirə bilmədi, sırf iqtisadiyyata əsaslandı. Elə bil, KM qarşısında deyil, Nazirlər Kabinetində çıxış edirdi. Nə isə hesab oldu 4:2 əhalinin xeyrinə (əgər əlbəttə, Mərkəzi Bankın bank olduğunu nəzərə alaraq, səsini hesaba almaq olarsa).

Sonuncu çıxışı Milli Məclisin Aparatının əməkdaşı Rövşən Muradov etdi. Dərhal dedi ki, Mehdi Əsədovu tam dəstəkləyir. Ona görə ki, əks qərar olsa, banklar batacaq, maliyyə problemləri olacaq və s. Başqa sözlə, Əsədovla Orucovun ritorikasını davam etdirdi. Qanunlara şərhdən yayındı. Hətta dedi ki, qanunlarda heç bir problem yoxdur Yəqin ona görə ki, Milli Məclisi təmsil edirdi. Arada söz də atdı ki, dedikləri “Milli Məclisin mövqeyidir” (deyəsən, Milli Məclislə onun Aparatını qarışdırdı). Nə isə, yekun 4:3 əhalinin xeyrinə oldu.

Amma gəlin nəzərə alaq ki, son üç çıxışı bankların müdafiəçiləri etdi. Ştirlits deyirdi ki, yadda qalan son ifadə olur. Ümid edək ki, bu təsadüf idi və KM-in hakimlərinin yadında digər çıxışlar da qalacaq. Habelə ümid edirəm ki, onlar mənim yazdığım hüquqi rəyi də oxuyacaqlar. Ən azı ona görə ki, son üç çıxışın tam əsassız olduğunu mən orada izah etmişəm.

Hamımıza isə KM-in qərarını gözləmək qalır. Məyus olmamaq üçün məşhur Rotşild bankçılar sülaləsinin banisinin sözlərini o vaxtadək tez-tez xatırlayın: “Ölkənin pullarının idarə edilməsini mənə verin və bundan sonra onun qanunlarının kim tərəfindən qəbul edilməsi heç vecimə deyil”.

Son xəbərlər
Digər xəbərlər