2 C
Baku
Saturday, December 14, 2024

AZAL və “Buta Airways”ın daşıdığı sərnişinlərin sayı açıqlandı

2021-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi – “Buta Airways” birlikdə 1,125 milyon sərnişin daşıyıb.

Bu barədə AZAL-dan məlumat verilib.

Məlumata görə, bunun 875 mini AZAL-ın özünün, 250 mini isə “Buta Airways”in payına düşüb.

Ümumilikdə isə ötən il Azərbaycanın hava limanlarında 2,39 milyonu beynəlxalq sərnişin olmaqla 2,93 milyon sərnişinə xidmət göstərilib. Bu göstərici COVID-19 pandemiyasının başlanması, beynəlxalq hava əlaqəsinin ləğvi və sərhədlərin bağlanması ilə əlaqədar sərnişin aviadaşımalarının dayandırıldığı 2020-ci ilin statistikasından iki dəfədən də çoxdur.

Beynəlxalq reyslərin 38,2%-i AZAL-ın, 10,9%-i isə “Buta Airways”in payına düşüb.

Aviasiya sənayesi tədricən bərpa olunur və hazırda 25 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa reyslər həyata keçirir.

Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistana uçuşlar həyata keçirir.

Eyni zamanda qeyd etmək lazımdır ki, AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ötən il ərzində Azərbaycanın hava məkanından istifadə edən 47 min hava gəmisinə xidmət göstərib ki, bu da əvvəlki illə müqayisədə 6,3% çoxdur və pandemiyadan əvvəlki dövrün göstəricilərinin 57%-ni təşkil edir. Azərbaycan hava limanlarında uçuş və eniş zamanı daha 34 min təyyarəyə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır. Obyekti ötən il “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi hava limanları üçün COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə “5 ulduz” reytinqinə layiq görüb. Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün aeroportda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətidir.

 

 

Son xəbərlər
Digər xəbərlər