“Veblen paradoksu” və yaxud “Veblen effekti” – alıcının məhsulun dəyərinin enməsi ilə onun prestijinin və yaxud keyfiyyətinin də azalmasını, yaxud əksinə məhsul dəyərinin nə qədər baha olarsa, onun bir o qədər prestijli olduğunu düşündüyü haldır. Alıcı davranışının bu növü ona görə paradoks adlandırılmışdır ki, o istehlakın əsas qanununa zidd xarakter daşıyır. Belə ki, istehlak qanununa əsasən məhsulun dəyərinin azalması ona olan tələbatın artması ilə müşahidə olunmalıdır. Veblen effektində isə tam əksinədir. Veblen məhsullarında məhsulun dəyəri nə qədər çox artarsa, alıcılarda bir o qədər çox onu əldə etmək arzusu baş qaldırar. Buna ən yaxşı nümunə kimi, müasir incəsənət nümunələrini, Apple məhsullarını göstərmək mümkündür.
Veblen paradoksu ilk dəfə amerikalı sosioloq, iqtisadçı, publisist və futuroloq Thorstein Bunde Veblen tərəfindən irəli sürülmüşdür. O “Sahibkarlıq nəzəriyyəsi” və digər əsərlərin müəllifidir. Bununla yanaşı, Veblen iqtisadiyyat və sosiologiyada “prestijli və göstərişli istehlak” anlayışının müəllifidir və anlayışlar elmdə onun adını daşımaqdadır.