Eygen Şen ABŞ-Çin münasibətlərinin mürəkkəbliyini hamıdan yaxşı başa düşür. Şen Çində anadan olub, lakin onun həyatı Mədəni inqilab, əkinçiliklə məşğul olmaq üçün Qobi səhrasına getməli olduğu zamanı kəskin şəkildə dəyişib. Sonra Şen Amerikaya köçüb, Kaliforniya Universitetində magistr və doktorluq dərəcələrini alıb, eyni zamanda Dünya Bankında və JPMorgan şirkətində çalışıb. Asiya cəmiyyətinin və biznesinin açıq fikirli müşahidəçisi olan Şen iki kitabı ilə tanınır: “Out of the Gobi: My Story of China and America” və “Money Games: The Inside Story of How American Dealmakers Saved Korea’s Most Iconic Bank”. Bu gün o, Honkonqun 40 milyard dollarlıq özəl kapital fondu PAG-a rəhbərlik edir. HBR-in baş redaktoruna müsahibə verən Şen Çin və ABŞ-ın iqtisadi inkişaf perspektivlərindən danışıb.
HBR: Çin iqtisadiyyatı bu gün dünyada ən sağlam iqtisadiyyat sayılır. Bu, yeni investisiya imkanları yaradırmı?
Şen: Çin sərt karantin rejimi və kütləvi sınaq müddətini yaxşı keçirib. 2020-ci ilin ilk üç ayında 6.8% azalan ÜDM ikinci rübdə yüksəlib. İqtisadiyyat, artımının investisiya axını ilə təmin edildiyi modeldən şəxsi istehlaka əsaslanan modelə keçir. On il əvvəl Çinin pərakəndə satış bazarı təqribən $1.8 trilyon (ABŞ bazarının yarısından az) dəyərində qiymətləndirilib. 2019-cu ildə bu rəqəm $6 trilyona çataraq $5.5 trilyonluq ABŞ-ı keçib. Qeyd edim ki, indinin özündə də şəxsi istehlak ÜDM-in cəmi 39%-ni təşkil edir ki, bu da ABŞ (68%) və dünyadakı (63%) göstəricilərdən çox aşağıdır.
İnvestorlar həmişə nəhəng Çin bazarına heyran olublar. İndi ora çıxmaq daha çətindir?
PAG firmamız Asiyaya və bəzən ondan kənara sərmayə qoyur. ÇXR – birbaşa xarici investisiyalar üçün icazə tələb olunmadığı yeganə böyük iqtisadiyyatdır. Bəzi sektorlar (KİV və internet) “qara” siyahıya salınsa da, bu məhdudiyyətlərdən çox vaxt qanuni yolla keçmək olar. Bir neçə il əvvəl PAG rəqəmsal musiqi şirkətinə təxminən $100 milyon sərmayə qoydu, sonradan isə rəqibi ilə birləşərək Tencent Music Entertainment-ə çevrildi. Bu gün o, Nyu-York fond birjasında ticarət edir, $45 milyard kapitala və 800 milyondan çox aktiv istifadəçiyə malikdir. Çinin əsas üstünlüyü onun miqyasıdır. Əgər şirkət uğur qazanırsa, o, ölkə daxilində sürətlə genişlənmək üçün xaricdən kapital cəlb etməyə hazırdır. Buna görə də, Çin Asiyanın ən dinamik özəl kapital bazarıdır.
Ticarət müharibələri, millətçilik və pandemiya bir çox şirkəti tədarük zənciri strategiyalarını yenidən düşünməyə, xüsusən də istehsalı minlərlə mil uzaqda – Çində yerləşdirməyə məcbur edib. Bu ölkədən təchizat zəncirlərində əhəmiyyətli bir dəyişiklik görürsünüzmü?
2018-ci ildə ticarət müharibəsi başlayandan bəri bəzi şirkətlər Çindən istehsalını geri çəkdi, lakin bu, nə Çinin ixracına, nə də Amerikanın ticarət kəsirinə təsir göstərmədi. Pandemiya dünyanı Çin ixracından daha da asılı vəziyyətə salıb ki, bu da bir il əvvəlkindən 21% çoxdur. Çinin tədarük zəncirlərində iştirakı pandemiya zamanı lənət deyil, xeyir-dua olduğunu sübut etdi.
Logistika modellərində dəyişikliklər tədricən olacaq: ən səmərəli təchizatçıdan ən pisinə keçmək baha başa gələcək. Amerika şirkətləri bunu yalnız tariflər artsa edəcək. Bir məhsulu Çindən Vyetnama və ya Meksikaya köçürmək o qədər də bahalı olmaya bilər, lakin ölkənizdən kənardan onlarla iştirakçı ilə bütün təchizat zəncirini köçürmək çətindir. Bəs bu məhsulu yalnız çinlilər alsa? GM Çində ABŞ, Kanada və Meksikadakından daha çox avtomobil satır. Əsas bazar burada yerləşsə, istehsal hara köçürülməlidir? Apple üçün Çin iPhone-un əsas alıcısıdır: burada ABŞ-dan iki dəfə çox istifadəçi var.
ABŞ ÇXR-i tənqid etməyə davam edir, baxmayaraq ki, çinlilər özləri də ölkənin insan hüquqları siyasətinin mükəmməllikdən uzaq olduğunu etiraf edirlər. Xarici investorlar hansı zəmanətləri ala bilərlər? Genişmiqyaslı siyasi və iqtisadi müharibə onların maraqlarına ciddi ziyan vuracaqmı?
Hər iki dövlətdə insan haqları ilə bağlı problemlər var, sadəcə olaraq fərqli formada. İnvestor hər yerdə işini məsuliyyətlə aparmalıdır: insan hüquqlarını, iş etikasını, gender bərabərliyini, insan kapitalına qayğını, xeyriyyəçiliyi yadda saxlamalıdır. Məsələn, PAG bütün ekoloji, sosial və təşkilati prinsiplərə əməl edir.
Tramp administrasiyası bilərəkdən Çinin iqtisadiyyatına və biznesinə zərər vurmağa çalışıb. Amerika Çinə real zərər verə bilərmi?
Lokal şəkildə – hə, ciddi və geniş miqyasda – yox. Hətta Çini “incitməklə” özünə də zərər verəcək. Tramp ticarət müharibəsini rüsvayçılıqla uduzdu. Bunu ortaya çıxarmaqla o, ABŞ-ın ticarət kəsirini azaltmağa çalışdı. Lakin 2020-ci ilin noyabrında Çinin ABŞ-la ticarət profisiti Trampın prezident olduğu 2017-ci ilin yanvar ayı ilə müqayisədə 70% çox olub. Bu müharibədən ən çox amerikan istehlakçıları zərər çəkib: axı Çin ixracatının orta qiymətləri azalmayıb. Bu il Çinin ÜDM artımı proqnozu 7-8% təşkil edib. Və bu o deməkdir ki, ticarət və texnoloji müharibələrə, eləcə də kapital bölgüsünə baxmayaraq, 2022-ci ildə Çinin ÜDM-si 2019-cu ilə nisbətən 10% yüksək ola bilər. Çinin böyüməsinə mane ola biləcək yeganə ölkə Çinin özüdür. Eynilə Amerikanın iqtisadi üstünlüyünə zərbə vura biləcək yeganə ölkə Amerikanın özüdür.
Amerikanın Çini demonizasiya etməsinin təhlükəsi nədir?
Trampın ÇXR-ə qarşı ritorikası və hərəkətləri onun ölkə daxilindəki uğursuzluqlarından diqqəti yayındırmaq məqsədini daşıyırdı. Əhalisinin 4 dəfə az olduğu ABŞ-da ölüm nisbəti Çindən 100 dəfə çoxdur və bu rəqəm daim artır. Bəli, ölkələrimiz arasında ziddiyyətlər var, lakin onlar həmişə münaqişəni qızışdırılmadan həllinə nail olublar. Tramp hakimiyyətə gəlməzdən əvvəl ABŞ-ın xarici siyasəti ardıcıl idi. Bayden administrasiyası, gözləndiyi kimi, beynəlxalq qurumların normaları çərçivəsində fəaliyyətini davam etdirəcək. 1972-ci ildə, Riçard Nikson Çinə səfər edən ilk ABŞ prezidenti olduqda, iki ölkə arasında böyük uçurum var idi. Buna baxmayaraq, onlar ortaq dil tapırdılar. Bu gün bu boşluq daralıb və qarşılıqlı faydalı iş sahələrinin sayı artıb. Çinin yüksəlişi Amerikanın iqtisadiyyat və texnologiya sahəsində yalnız dünya üstünlüyünü təhdid etsə də, ÇXR öz ərazi iddialarından geri dönməyəcək. Əsas təhlükə Tayvan məsələsidir. ABŞ Tayvanın müstəqilliyini dəstəkləsə, münaqişə qaçılmazdır.
ABŞ və Çin iqtisadiyyatları bir-birindən tamamilə müstəqil ola bilərmi?
Bəli, amma 100% yox. Bəzi sahələrdə ABŞ-a çatmaq üçün Çinə onilliklər olmasa da, illər və böyük investisiyalar lazımdır. Lakin bu qarşıdurma Qərb tədarükçülərinə də zərbə endirəcək. Belə bir bazarın itirilməsi ABŞ texnologiya şirkətlərinə baha başa gələcək və onları gələcək inkişaf üçün zəruri olan vəsaitlərdən məhrum edəcək.
Yaxın illərdə Çin iqtisadiyyatı üçün əsas risklər hansılardır?
Son 30 il ərzində o, 36 dəfə artıb – əsasən ölkənin ÜDM-sinin təxminən üçdə iksini təmin edən özəl sektor hesabına. Bununla belə, dövlət sektoru iqtisadiyyatda böyük pay tutmağa davam edir və səmərəsiz fəaliyyət göstərir. Çin ciddi problemlərlə üz-üzədir. Əhali yaşlandıqca əmanətlər qazanır və investisiya axını yavaşlayır. Ölkə dövlət müəssisələrinin islahatı və özəlləşdirilməsini davam etdirməli olacaq, əks halda iqtisadi artımı davam etməyəcək.
Xarici borc vəziyyəti çətinləşdirir?
Nə bank sistemində, nə də Çin iqtisadiyyatında sistem riskləri görmürəm. Bütün dünyanın çətin anlar yaşadığı 2020-ci ildə Çin korporativ defoltlarda artım qeydə almayıb. Üstəlik, o, müsbət dinamikaya malik olan yeganə G20 ölkəsidir. Onun pul-kredit siyasəti kifayət qədər sərtdir, dövlət qiymətli kağızlarının gəlirlilik dərəcəsi Amerikadakı ilə müqayisədə 3.5 dəfə yüksəkdir. Ötən il yuan dollar qarşısında 6% bahalaşıb, bütün bunlar Çin iqtisadiyyatının gücünə dəlalət edir.
Amerikalılar Çin haqqında nəyi başa düşmürlər?
Bu ölkədə əslində kapitalizm var. O, güclü ticarət potensialına malik dünyanın ən açıq bazarlarından biridir, həmçinin birbaşa xarici investisiyaların ən böyük alıcısıdır (2020-ci ildə ABŞ-ı ötüb). Dövlət xərclərinin əsas istiqaməti ölkənin infrastrukturudur. Son 15 il ərzində Çində 22 minlik yüksəksürətli dəmir yolu şəbəkəsi qurulub (dünyadakı analoji yolların uzunluğundan ikiqat çoxdur). Bu şəbəkə ilə Bostondan Çikaqoya təxminən dörd saata (ən sürətli Amtrak ilə 22 saata) çatmaq olar. Çin müdafiə büdcəsinə hələ də ABŞ-dan 4 dəfə az sərmayə qoyduğuna görə bu cür məqsədyönlü xərcləri ödəyə bilər.
Çinlilər ABŞ haqqında nəyi başa düşmürlər?
Burada sosializmin hansı əlamətləri var – məsələn, sosial təminat sistemi və aktivlərin dəyərinin artması vergisi. Çində əhaliyə dövlət dəstəyi sistemi hələ indi yaradılır (o, zəif strukturlaşdırılıb və kifayət qədər maliyyələşdirilmir) və şəxsi kapitalın artımında əldə edilən gəlirdən vergi tutulmur. 2020-ci ildə burada ABŞ-dan daha çox milyarder olub. Nəticədə, Cini əmsalına (cəmiyyətin təbəqələşmə dərəcəsinin göstəricisi) görə, kommunist ÇXR-də bərabərsizlik səviyyəsi kapitalist ABŞ-dan daha yüksəkdir.