5 C
Baku
Saturday, December 14, 2024

Xarici diplomlar hansı hallarda tanınmır?

Xarici diplomların ölkəmizdə tanınmamasının müxtəlif səbəbləri var.

Bu barədə sualları cavablandıran Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, diplomların tanınmasından imtinaya ilk səbəblərdən biri şəxsin tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmamasıdır.

“Pasportda giriş-çıxış möhürləri təsdiq edir ki, o, bu ölkədə hansı müddət ərzində olub və tədris yükünü mənimsəmək üçün həmin müddət kifayət edir, yoxsa yox”, – İ.Orucov deyib.

O qeyd edib ki, başqa bir səbəb isə tədris dili üzrə bilik səviyyəsinin aşağı olmasıdır.

“Məsələn, şəxs Gürcüstanda gürcü dilində təhsil alıb, lakin bu dildə elementar biliklərə sahib deyil.

Əlbəttə müraciət edənlərin böyük bir qisminin diplomları təsdiq olunur. Diplomları tanınmayan şəxslərin böyük əksəriyyəti Ukrayna və Gürcüstanda təhsil alanlardır. Biz mütəmadi olaraq valideynlərə də müraciət edirik ki, xaricdə təhsil adı ilə insanları aldadan, etibarından sui-istifadə edənlərə inanmasınlar”, – deyə İ.Orucov bildirib.

Xatırladaq ki, ötən il 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər