“Həssas qruplarla bağlı həyata keçirilən layihələr birdəfəlik yox, davamlı, iş yerlərinə qədər gedib çıxan olmalıdır”.
APA-nın məlumatına görə, bunu korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. O deyib ki, həssas qruplardan olan şəxslər özləri qazanmalı, rifahlarını təmin edə bilməlidirlər: “İstedadlı əl işi olan əlillər üçün elektron portal yaradılacaq. Həmin əl işlərinin satışı üçün də imkan yaradılacaq”.
Nazir deyib ki, həssas qruplarla bağlı görüləcək işlər əlaqəli olmalıdır: “Çalışmaq lazımdır ki, sosial dəstək layihələri ədalətli bölünsün. Bəzən məlumat boşluğu olanda, tam koordinasiya olmayanda bir ailəyə, bir şəxsə 3 ayrı qurum dəstək göstərir, ancaq eyni vəziyyətdə olan digər ailəyə heç kim dəstək göstərmir. Ona görə də əlaqələndirmənin düzgün qurulması, ümumi məlumat bazasının yaradılması önəmlidir. Artıq belə bazamız mövcuddur. 2020-2021-ci ildə dəstək göstərilən 300 min şəxsin siyahısı həmin bazada var. Çatışmazlıqlar yenə də var. Bunu da aradan qaldırmaq üçün müxtəlif alətləri birgə icra etmək qarşıda duran əsas hədəflərdəndir”.