Azərbaycan hökuməti və Macarıstan hökuməti arasında Enerji üzrə İşçi Qrupunun 2-ci iclası keçirilib.
Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasın həmsədri, Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Orxan Zeynalov çıxış edərək, iki ölkə arasında enerji əməkdaşlığının hazırkı vəziyyətinə dair fikirlərini bölüşüb.
Enerji üzrə İşçi Qrupunun ilk iclasından ötən dövr ərzində enerji sahəsinə investisiya cəlbi istiqamətində təcrübə və məlumat mübadiləsi, ənənəvi enerji daşıyıcılarının marketinqi sahəsində münasibətlərin genişləndirilməsi, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması üzrə qoyulmuş tapşırıqların icrası ilə bağlı tədbirlər görüldüyünü qeyd edib və bu istiqamətdə keçirilmiş görüşlər barədə məlumat verib.
Macarıstan hökuməti tərəfindən İşçi Qrupunun sədri, Enerji və İqlim məsələləri üçün xüsusi tapşırıqlar üzrə səfir Dora Zombori isə ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığının inkişafına xüsusi önəm verdiyini bildirib, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycan-Macarıstan arasında ikitərəfli enerji əməkdaşlığının cari vəziyyəti və mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, hesabatlar dinlənilib. Cənub Qaz Dəhlizi çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi, Macarıstana təbii qaz nəqli imkanları, o cümlədən LNG və CNG nəqli və paylanması sahəsində əməkdaşlıq, Macarıstanın MOL Qrupunun Azərbaycandakı fəaliyyəti, 2 ölkənin enerji tənzimləyici qurumları arasında imzalanmış memorandumdan irəli gələn məsələlər, eləcə də enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair müzakirələr edilib, ölkəmizdə bərpa olunan enerji potensialı və bu potensialın reallaşdırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı təqdimat nümayiş etdirilib.
Sonda Enerji üzrə İşçi Qrupunun 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Protokolu iclasın həmsədrləri Orxan Zeynalov və Dora Zombori imzalayıblar. İşçi Qrupunun növbəti iclasının Macarıstanda keçirilməsi qərara alınıb.