10 C
Baku
Monday, November 25, 2024

Birbaşa və dolayı vergilərin əsas fərqləri

Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər.

Birbaşa vergi növü əmlakın dəyərindən və yaxud gəlirdən birbaşa tutulan vergilərdir. Buraya gəlir vergisi, mənfəət vergisi, sosial sığorta fonduna edilən qatqılar, əmlak vergisi (torpaq vergisi, mənzil vergisi, kapitalın artımı vergisi), qiymətli kağızlarla edilən əməliyyatlar, miras və hədiyyələr daxildir.

Dolayı vergi növü isə özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir.

Verginin hər iki növü özünəməxsus üstün və çatışmayan cəhətlərə sahibdir. Bu cəhətlər isə həm vergi ödəyicilərinə, həm də dövlətə şamil edilir.

Birbaşa vergilərin əsas üstünlüyü dövlət büdcəsini kifayət qədər sabit gəlirlər təmin etməsidir. Bundan əlavə, birbaşa vergilər məcmu tələbinə məqsədli təsir etmək, gəlirlərin bölüşdürülməsi və sosial sabitliyin təmin edilməsi üçün kifayət qədər effektiv vasitədir.

Birbaşa vergilərin çatışmayan cəhəti isə onun açıq olması ilə əlaqədardır. Vergi ödəyiciləri onlardan tutulan verginin həcmini yaxşı görürlər və ödənməli olan vergi miqdarı əhəmiyyətli dərəcədə çox olarsa ondan yayınmağa və gəlirlərini gizlətməyə çalışırlar.

Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir.

Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.

Dolayı vergi növünün əsas çatışmayan cəhəti isə onun əhali arasında vergi yükünün qeyri-bərabər paylanmasını gücləndirməsidir. Aydındır ki, məhsulun dəyərinə dolayı vergi növünün əlavə edilməsi əhalinin varlı təbəqəsi üçün hiss edilməz qalacaq. Lakin yoxsul təbəqə üçün bu heç də eyni şey demək deyil. Dolayı vergilərin digər çatışmayan cəhəti isə onun inflyasiya xarakterli olmasındadır.

Son xəbərlər
Digər xəbərlər