Müasir dövrdə elm və texnoloji yeniliklər geodeziya sahəsində də əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu sahədə tətbiq edilən “Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları” (Continuously Operating Reference Station-ing) sistemi peyk siqnallarını qəbul edərək koordinatları dəqiqliklə ölçür.
Banker.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xbər verir ki, yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən istinad stansiyası olan “AzPOS” (Azerbaijan Positioning Observation System-ing) informasiya sistemini kadastr-ölçü işlərində tətbiq edir.
Fasiləsiz fəaliyyət göstərən AzPOS informasiya sistemi əsasında 8-i işğaldan azad edilmiş ərazilərdə olmaqla 45 stansiya fəaliyyət göstərir. Stansiyaların istifadə radiusu 30 km, əlaqə məsafəsi 70 km-ə qədərdir. Xəritələrin tərtibi və kadastr işləri, mühəndis geodeziya ölçmələri, yeraltı kommunikasiya, planaalma və bu sahədə digər işlər sistemin köməkliyi ilə daha tez və az xərclə həyata keçirilir. Ölçmə işləri aparılarkən böyük əmək tələb edilmir.
Sistem vasitəsilə çöl-ölçmə işləri aparmaq istəyən şirkətlərə, avtomobil və dəmir yolları, su və kanalizasiya, neft kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlara kadastr xidmətləri göstərilir. Binaların tikintisi zamanı dəqiq koordinatların verilməsi üçün, faydalı qazıntıların çıxarılması zamanı, bəndlərin və su anbarlarının, eləcə də seysmik dəyişikliklərə məruz qalan ərazilərin hərəkətinin monitorinqlərində də sistemdən istifadə edilir. Bundan başqa, aqrotexniki vasitələrə quraşdırılan monitorlara AzPOS vasitəsilə ötürülən informasiya ilə məhsul yığımı prosesi daha sistemli və səmərəli olur.
AzPOS-dan fiziki şəxslər də istifadə edə bilər.