6 C
Baku
Sunday, December 15, 2024

Doğrudanmı əla ideyalar qalib gəlir?

Heç də həmişə ən yaxşı ideyalar qalib gəlmir, lakin bu, insanlara hər şeyin belə olmasına, yəni hər şeyin yaxşı qurtaracağına inanmağa mane olmur.

 Bir sıra novatorlar ilk baxışda üstünlükləri onlara çox aydın görünən ideyaların dünyada özünü qəbul etdirmə uğrunda mübarizə aparmalı olduğuna görə böyük məyusluq hissi yaşamalı olub. İstənilən bir zaman kəsiyini və ya istənilən bir fəaliyyət sahəsini seçsək görərik ki, novatorlar nəinki onların ideyalarının digərləri üzərində zəfər çalacağına ürəkdən inanıblar, həm də bu ideyaların qalib gəlməyə borclu olduğu fikrində imişlər. Bu inam həmçinin də ona əks çıxanlara qarşı qəzəb və kin hissi ilə də müşayiət olunub. Əlbəttə ki, qeyri peşəkar ixtiraçılar çox nadir hallarda obyektiv davranır. Axı əla ideyalar məhz onların özünə məxsusdur.

Hipertekst sözünün yaradıcısı Ted Nelson WWW-nın məhdudiyyətlərindən şikayətlənir və ilk veb brauzerlərdən on illərlə öncə yaranan ideyalar uğrunda mübarizə aparmağı davam etdirir. Duqlas Enqelbart və Alan Key, personal kompüterlərin ilk yaradıcıları isə 1970-ci ildə ortaya çıxmış, lakin hələ də gerçəkləşməmiş dahi ideyalar ilə əlaqədar öz narazılıqlarını bildirirlər. Hətta ictimai və siyasi xadim olub, öz novator fikirləri ilə fərqlənən Martin Lüter Kinq, Qandi və Tomas Cefferson kimi dahi şəxsiyyətlər də öz ideyalarına qarşı ədalətli münasibət tələb edirdilər.

Heç kəs üçün sirr deyil ki, novatorların əksəriyyəti idealist olur, lakin mükəmməl ideyaların qalib gəlməsinı mifik qiymətləndirməmək də olmaz. Diqqət yetirin, biz pis ideyanın qalib gəldiyini və onların öz kəşfinin isə yararsız bir şey olduğunu söyləyən insanlara çoxmu rast gəlirik? Xeyr. Hər bir insanın dünya və öz həyatı haqqında fərqli təsəvvürü vardır, buna görə də onlar bəzi insanların və onların yaratdıqlarının digərləri üzərində qələbə çalmasına da özünəməxsus yanaşırlar. Həmçinin də əla və yaxşı, qələbə və məğlubiyyət anlayışlarının özləri də bir rəydir və insanlar nədənsə bu rəyləri də bir çərçivəyə salmağa can atırlar. Yaxşı pisə qarşı, əla daha betərə (lap pisə) qarşı, şən qəmliyə qarşı – ələ keçmək konstruksiyalardır. Dünyanı sadəcə bir-birinə əks olan iki yığına bölmək olmaz. Lakin bu insanları dayandırmır.

Kitabın bu mərhələsində aydın olur ki, innovasiya çox mürəkkəbdir, o özündə çoxlu faktorları və anlayışları əhatə edir, onu dar və bayağı mif çərçivəsində nəzərdən keçirmək mümkün deyil. Burda bir sıra dəstəkləyici amillər mövcuddur ki, onların da hamısını yadda saxlamaq çox çətindir. Ona görə də ən əla ideyanın qalib gəlməsi haqqında əfsanə bu qədər təhlükəlidir. O məsum və mehriban görünə bilər, əslində isə çox yalançıdır, o gizlicə bizə arxadan yaxınlaşır, çiyinlərimizdən tutaraq bizi həqiqətdən üz döndərməyə sövq edir və bizə gülür..

Niyə insanlar əlaların qalib gələcəyinə inanır?
Qəhrəmanlar  haqqında nağılların hamısı eyni model ətrafında qurulub: yaxşı oğlanlar udur, pislər isə uduzur. Düzgün əməllər ilə məşğul olan insanlar isə sonda mükafat alır. Bu qaydalar ürəyə yatandır və asanlıqla yadda qalır. Amerika da daxil olmaqla bir sıra mədəniyyətlər də, belə əhvalatlar intellektual xeyirxahlıq sərhədlərinə  və yaxşı şeylərin yaradılmasına qədər genişlənir. Amerikanların fikrinə əsasən  ixtiraçılıq qabiliyyəti insanın xeyirxah əməlləri sırasında ən yaxşı yeri tutur; buna görə də onlar bu qabiliyyəti fərqləndirir, təbliğ edilir və onun yerli tarixinin bir hissəsinə çevrilirlər: Bencamin Franklinin siyasi mütərəqqi ideyaları; ABŞ-ın müstəqilliyi uğrunda müharibə zamanı minitmenlərin innovasiya taktikaları və ya sənaye dühaları hesab olunan Uitni, Fulton, Edison, Ford, Karnegi və Stiv Cobs. Ən sadə prinsipə belə əsaslansaq görərik ki, qəhrəmanlar özləri öz işlərinin öhdəsindən hamıdan daha yaxşı gəlirlər. Amerika ikinci dərəcəli rollar ifa edən oğlanı yox, məhz Supermeni yaratmışdır.

Meritokratiya — məhz bu ideala əsasən ən yaxşılar ya qalib gəlir, ya da qalib gəlməyə borcludur. Bu ideal Amerikan Arzusunun və amerikalılar içərisində dərin kök salmış inancın bir hissəsini özündə əks etdirir. Qəhrəmanlıq modelinə (yaxşı oğlanlar qalib gəlir) paralel olaraq, hər iki ideala uyğun gələn əhvalatlara üstünlük vermək, uyğun olmayanları isə inkar etmək kimi təbii tendensiyalar formalaşır.

     Biz situasiyanı bütünlüklə bilməyəndə (nəyə görə kim və ya nə isə qalib gəlmişdir) ortaya ehtimallar çıxır: 
•    Qələbə layiqli olmuşdur: «Edison ilk lampanı yaratmışdır».
•    Qələbə qəhrəmancasına olmuşdur: «Qutenberq İnternetə gedən yolu salmışdır».
Əlbəttə, əksəriyyətə bəllidir ki, əlalar heç də həmişə qalib çıxmırlar. Lakin biz öz doğru bildiyimiz yola sadiq qalaraq, bunun əksini sübut edən misallar tapmağa çalışırıq. Biz şablonlara uyğun əhvalatları qəbul edirik, çünki onlar insanlara sevinc bəxş edir və həyatın necə olmasına dair inamı daha da gücləndirir. Keçmişin qalibləri, şübhəli etika və ya mübahisəli səbəblər üzündən qalib gəlmiş insanlar, (məsələn, Rokfeller, Karnegi və Axilles) adamların yaddaşında heç də öz səhvləri və ya populyar olmadıqlarına görə deyil, məhz qəhrəman nailiyyətləri sayəsində qalmışdır. Onların qələbələri və  səxavətli töhfələri, mifoloji həqiqətlər onların həyatı ilə bağlı ən populyar əhvalatlardır, biz bu əhvalatları insanlar ilə paylaşırıq. Müəyyən müddət ötdükdən sonra pis əməlləri daha mühakimə etmirlər və yalnız hörmət ənənəsi qalır. 1753-cü ildə ilk zərbədən sonra tikə-tikə parçalanan Azadlıq Zəngini yada salın, o on il sonra pis düzəldiyinə görə yenidən dağılmışdı, indi isə o, amerika tarixinin hörmətlə anılan bir parçasıdır. Həmçinin də unutmaq lazım deyil ki, daha çox Nobel mükafatının təsisçisi kimi tanınan Alfred Nobel öz kapitalının əsas hissəsini məhz dinamiti kəşf etdiyinə görə toplaya bilmişdir.

Uydurulmuş əfsanələrin amerikan panteonuna MakQayver («Məxfi agent MakQayver» serialından), Ceyms Bond, İndiana Cons, Con MakKleyn («Möhkəm fındıq» bədii filmindən) və Kapitan Kirk («Ulduz yolu» serialından) daxildir. Bu qəhrəmanlar şərə qalib gəlir və düşmənlərinə azacıq da olsa şans saxlamırlar. Onlar fiziki gücdən, super ideyalardan, hiyləgərlikdən istifadə edir və situasiyanı həmişə öz xeyirlərinə dəyişə bilirlər.  Onların ideyaları həmişə daha üstündür, elə buna görə də onlar qalib gəlirlər. Biz hətta özünün ifrat dərəcə təzahüründə də yaradıcı idealizmi sevirik. Məsələn Ayn Rendə məxsus Fountainhead (Mənbə) tipli əsərlərdə Qovard Roark-qəhrəman memar  öz ideyalarını hər şeydən üstün tutur. Hadisələrin mürəkkəb gedişinə baxmayaraq əsərin əsas qəhrəmanı özünü öz ideyalarına həsr etməkdən çəkinmir.  Bu epik romanın çatdırmaq istədiyi əsas mesaj ondan ibarətdir ki, xeyir həmişə şərə qalib gəlməlidir və əgər ən sərrast ideya inkar edilirsə bunda bütün dünya, bütün cəmiyyət günahkardır («məğlub olmuş qəlblərin düşmənçiliyi»). Bu inam meritokratiyadan da güclüdür; yəni nəyin daha yaxşı olduğu haqda ümum qəbul olunmuş fikirlər ayrıca bir fərdin fikrindən  daha önəmli tutula bilməz.

Biznes ilə bağlı qələbə mifinə gəldikdə isə bu özünü məşhur kəlamda əks etdirmişdir. «Əgər siz təkmilləşmiş tələ hazırlasanız, onda bütün dünya sizin evinizə aparan cığırla addımlayacaq». Beysbol haqqında çəkilmiş Field of Dreams («Onun arzuların meydançası») filmində səslənmiş başqa bir fikri də nəzərdən keçirmək olar: «Əgər sən bunu etsən, onlar gələcək». Sözü güdən frazalar 19-cu əsrin məşhur intellektual şəxsiyyəti olan Ralf Uold Emersona məxsusdur, təəssüf ki ifadələr video varianta uyğunlaşmış şəkildə saxlanmış və sitatlar olduğu kimi qalmayıb. Çox güman ki, o özü isə belə söyləmişdir: «Əgər insanın satmağa yaxşı taxılı, oduncağı, lövhələri və ya donuzları olsa, onun evinə geniş yaxşı tapdanmış yol aparacaq». Bilmirəm axırıncı dəfə nə vaxt taxıl becərməli və ya donuz satmalı olmusunuz, amma Emerson innovasiya oyununa hazırlaşan gələcəyin iş adamlarının hamısından fərqli düşünürdü.  Bu ifadə öyrədici xarakter deyil, poetik məna daşıyırdı.

Yuxarıdakı misalda verilən sitat uzun müddət ərzində müəssisə şüarı kimi işlənmiş və milyonlarla  insanı yanlış şəkildə yaxşı ideya elə özü üzünü satmağa qadirdir ideyasına qulluq etməyə sövq etmişdir. Tarixçi Con Linxardın qeyd etdiyi kimi, ABŞ-da hər il 400 patent qeydiyyatdan keçir. Amma heç şübhə etməyin ki, bu insanların qapısını döyən yoxdur. Adi bir siçan tələsi üçün 4000-dən artıq patent mövcuddur, lakin bütün tarix ərzində bunlardan cəmi 20-si həqiqətən gəlirli məhsul olmuşdur. Bizim günlərdə isə siçan tələlərinin metaforik ekvivalenti isə «təzələnmiş veb saytlardır». Bunu 30 000 proqram patenti və hər il peyda olan milyonlarla veb saytı sübut edir. Əlbəttə heç də hamını varlanmaq niyyəti və ya xəyalların gerçək olması arzusu idarə etmir. Buna baxmayaraq bir sıra insanlar ümid edir ki, «əgər bunu etsələr, onlar gələcək».

Linxard özünün innovasiya tədqiqatlarından öz döndərərək, bu inamı şübhə altına qoyur:
Çox nadir hallarda ola bilər ki, innovasiyanı hələ onun erkən mərhələsində çoxlu insan əhatə etsin. Yeni yaradılmış siçan tələsi yalnız o zaman uğur qazana bilər ki, bu ideyanın yaradıcıları digər insanları da onlara qoşulmağa inandıra bilsin: sərmayəçilər, təchizatçılar, işçilər, pərakəndə satıcılar, müştərilər hətta rəqiblər.

Ideyaların keyfiyyəti və yeniliyi— hansı ideyaların udacağını və ya uduzacağını müəyyən edən böyük sistemin yalnız bir hissəsidir. Biz sevimli restoranın bağlandığına görə göz yaşı tökdükdə («Onlar ən yaxşı kanneloniləri hazırlayırdı!») və ya sevimli musiqi qrupumuzun albomlarının satışının pis getməsini səbəbini başa düşmədikdə (axı bu mahnıların çox super sözləri var) sanki böyük bir rəsmin yalnız bizə toxunan, bizim hissiyyata təsir edən hissəsinə öz diqqətimizi yönəldirik və yaddan çıxarırıq ki, bu yalnız bir amildir. Lakin ideyaların taleyi həm də digər amillərdən asılıdır.
İnnovasiyanın ikinci dərəcəli faktorları.

İnnovasiya tarixi hər hansı bir sahəyə dair çoxsaylı üstün görünən ideyalar təklif edir, lakin bu ideyaların əksəriyyəti elə həmin sahənin insanlarının gülüş obyektinə çevrilir. Bu gün yüksək texnoloji dəyərlərə malik istənilən yeni yaradılan mexanizm QWERTY klaviaturasına müvafiq tərtib edilir, amma qeyd etmək lazımdır ki, QWERTY heç də səmərəlik və erqonomika fikri ilə yaradılmayıb. Filips vinti özündən daha az tanınan Robertson vintindən — sənaye dizaynının əsl mirvarisindən qat-qat daha pis idi. M-16 dünyada ən çox yayılmış vintovka (tüfəng) isə mexanizmin tez-tez pərçimlənməsi və istifadənin çox çətin olması ilə məşhur idi.

Amerika isitmə sistemləri isə bəşər tarixində ən səmərəsiz sistemlərdən biridir. HTML və JavaScript proqram təminatının yazılması üçün heç də ən ideal proqramlaşma dilləri olmasa da onlar tarixdə ən çox uğur qazanmışlar.
Bu siyahı sonsuzdur və ixtiraçıların bütün xeyirxah niyyətlərinə rəğmən müntəzəm olaraq bu siyahıya yeni kəşflər əlavə olunur. Hətta bu gündə çox şübhəli ideyalar öz təsdiqini daha tez tapır.

Bəşəriyyət tarixinə nəzər salsaq, yeddi vacib məqamı qeyd etmək olar:
•    Mədəniyyət. Yaponlar odlu silahı avropalılardan çox-çox əvvəl kəşf etmişlər. lakin onların mədəniyyətində əsas dəyərlərin (bacarıq, şərəf və hörmət) təcəssümü qılıncdır.  Odlu silahdan istifadənin üstün cəhətlərinə baxmayaraq, bu innovasiya insanlar tərəfindən qəbul edilmədi, əksinə bu utandırıcı bir insan öldürmə vasitəsi kimi qiymətləndirildi (bu utanc hissin qalıqları «Ulduz müharibələri» filmindəki cadeylərdə hələ də duyulmaqdadır). Texnoloji yeniliklər innovasiyanın yalnız bir hissəsidir. Onun konkret mədəniyyətlə ahəng təşkil etməsi daha böyük əhəmiyyət daşıyır. Məsələn, təsəvvür edin ki, ABŞ-da telepatiya qurğusu icad olunub, amma bundan ötrü ya qonşunun köpəyindən nahar hazırlamaq, ya da ictimaiyyətdə çılpaq görünmək lazımdır, yəni amerika mədəniyyətinin kəskin qadağan qoyduğu iki əməli törətmək tələb olunur. Bəli, innovasiyalar cəmiyyəti dəyişməyə qadirdir, lakin ilk öncə onlar cəmiyyətin könlünü almalı, yəni mövcud dəyərlər ilə bir sırada durmağı bacarmalıdır.
•    Üstünlük təşkil edən model. QWERTY klaviaturası ilk çap maşını ilə eyni bir vaxtda meydana çıxmışdır. Kristofer Şouls onu yaradanda heç də milyonlarla insanın marağına səbəb olmaq niyyətində deyildi —  ona mexaniki klavişləri bloklaşdırmayan bir model lazım idi. İlk kompüterlərin müəllifləri isə istifadəçilərin yeni yaranan aparaturaya keçidini daha asan etmək üçün o vaxtacan artıq populyarlaşmış maşınka modellərinin sürətindən yararlandılar. Bir sıra mövcud modellər yeni yaranan innovasiya fonunda daha da məşhurluq qazanırlar. Onların təkmilləşmiş versiyaları peyda ola bilər, lakin onlar cəmiyyətdə özlərini təsdiq edə bilmək üçün mütləq ilkin ideyanı əhəmiyyətli dərəcədə daha da gücləndirməlidir. Onlar həqiqətən insanları inandıra bilməlidir ki, bu keçidi etməyə (məsələn yenidən maşımda çap etməyi öyrənməyə) dəyər. mövcud model nə qədər çox yayılmış olsa bu dəyər bir o qədər daha yüksək olur ( məsələn, bütün dünya üzrə elektrik rozetkalarının formalarını dəyişməyə və ya vahid bir forma yaratmağa cəhd edin).
•    Miras və ənənə. ABŞ-ın metr ölçü sistemindən imtina etməsi ənənə ilə əlaqədardır: Amerika köhnə ingilis sistemini tanıyır, bəs onda nəyə görə yeni ölçü sistemini də tətbiq edir? («Kosmos, metrika və Tomas Cefferson» bölməsinə nəzər salın). Adətən hər hansı bir vərdişi, hər şeyin yaxşı olduğuna inam ilə səhv salırlar; ona görə də əksər hallarda miras qalmış ideyaları, o cümlədən fanatizmi, cahilliyi və təhrif olunmuş informasiyanı məhz elə ondan əziyyət çəkən insanların özü, adət-ənənə qurbanları qoruyurlar və yalandan bunu əcdadların inamları ilə bağlayırlar. Buna spesifik mədəni faktor demək olar.
•    Siyasət: kim xeyir götürür? Siyasi fəaliyyətdə çox vaxt balaca da olsa, gizli bir pis niyyət mövcud olur: insanlar öz maraqları naminə hərəkət edir. Özünüzə belə bir sual verin: Əgər biz x və y-ı seçsək, bundan kim daha çox xeyir götürəcək? Hətta ən başlanğıcdan hakimiyyət başında olanların yeni ideyaya necə reaksiya verəcəyini müəyyən etmək olar, sadəcə öncədən onların bu sahəyə nə dərəcə də nüfuz etdiyini bilmək lazımdır. Hakimiyyət başında duranların maraqları tarix boyu həmişə innovasiyaların qəbul olunmasına öz təsirini göstərib. Aclıq, müharibə və yoxsulluq- çox ciddi problemlərdir, lakin onlar hələ də mövcud olmaqda davam edir- demək bu kiminsə maraqlarına uyğundur. İstənilən bir yeniliyin müəllifi həm də siyasətlə hesablaşmalıdır.
•    İqtisadiyyat. İnnovasiya – çox bahalı məmnuniyyətdir: dəyişikliyə sərf olunmuş qədər bu qədər xərc özünü doğruldacaqmı? Hansı isə abstrakt ideyanın üstünlüyünü hər bir kəs təsdiqləyə bilər, lakin onun reallığa gerçəkləməsi isə küllü miqdarda maliyyə vəsaiti və ya ağılsız risk tələb  edir. Üstünlük qazanmış modelləri əvəz etmək (yuxarıda qeyd edildiyi kimi) çox baha başa gəlir. Əksər vaxtlarda yalnız bir sahədə innovasiya tətbiq etməyə pul və zaman yetir; qalan digər sahələr isə atılır və səbəb heç də o deyil ki, burda innovasiya etmək imkanı yoxdur, sadəcə həmin an üçün prioritetlər buna icazə vermir.
•    Dəyərli xüsusiyyətlər subyektivdir. Bir otağa üç insan toplayın və siz dəyərli xüsusiyyətlər haqqında beş fikir əldə edərsiniz. İsitmə sistemləri özünün iş funksiyalarına görə deyil, məhz öz zahiri görünüşləri sayəsində böyük populyarlıq qazanmışdır. İstehlakçıların fikirləri, dəyərləri və zövqləri novatorları nadir hallarda düşündürür, onlar bu haqda yalnız o vaxt fikirləşməyə başlayır ki, innovasiya insanlar tərəfindən rədd edilir. Ağıllı yaradıcılar öz müştərilərini vaxtında öyrənməyə çalışır və onların tələbatlarını kifayət qədər erkən mənimsəyirlər ki, əldə olunmuş məlumatlar onlara yenilik üzərində işləyən zaman çox faydalı olsun. Tez-tez istifadə olunun bir misalı nümunə gətirmək olar: Betamax VHS-ə qarşı. VHS-in uğurundakı həll edici faktor məhz lentin uzunluğu ilə bağlıdır ( üç saat- bədii film üçün kifayət qədərdir). Betanın daha keyfiyyətli video görüntü təqdimetmə qabiliyyəti isə bir saatlıq nümayişin fonunda çox solğun görünürdü.
•    Qısamüddətli və uzunmüddətli mühakimə. Ən vacib tərkib hissələrdən biri isə vaxtdır: bu innovasiyanı nə qədər müddət ərzində istifadə etmək mümkün olacaq?  Bir sıra keyfiyyət baxımından üstün ideyalar ucuz və qısamüddətli üstünlüklərdə maraqlı olan cəmiyyət tərəfindən kənara atılmışdır. 1930-cı ildə ABŞ-ın nəhəng şəhərlərində Avropanın müvəffəqiyyət qazanmış modellərinə uyğun tramvay elanları görünməyə başladı. Sonra isə 1950-ci ildə avtomobillərin sürətlə yayılması nəticəsində tramvay yollarını yığışdırdılar və onların yerində avtomobil trasları saldılar. İndi isə bir sıra şəhərlər bu addıma görə heyfsilənir və tramvayların daha yüngül, yeni reyslər üzərində geri qaytarılmasını istəyirlər. İdeyaların dəyərli xüsusiyyətləri onların gələcəyə doğru nə qədər uzun müddətə hesablanmasından asılıdır.
Gələn dəfə hər hansı isə pis ideyanın qəbul edildiyi, yaxşının isə rədd edildiyi hal ilə qarşılaşanda , bu siyahını yadınıza salan, onda bəlkə bu seçimin əsl səbəbini başa düşə bilərsiniz.
Qarşıda isə biz keçmişdə ikinci dərəcəli faktorların özünü necə göstərdiyini nümayiş etdirən iki innovasiyanı nəzərdən keçirəcəyik

Kosmos, metrika və Tomas Cefferson
1999-cu il sentyabrın iyirmisində NASA-nın «Mars» orbit stansiyası öz mühərriklərini işə salaraq Mars fəzası yaxınlığında dayandı. On aylıq səyahət başa çatdı və gəmi «qırmızı planetin» səması üzərindən saatda 12000 mil sürətlə ötərək keçdi. Stansiya bütün proqramlaşdırılmış təlimatlara uyğun hərəkət edirdi, lakin o marsın arxa tərəfinə keçərkən o görünmə zonasından itdi. Komanda heyəti səbirsizliklə onun digər tərəfdən üzə çıxacağı anı gözləyirdi. On dəqiqə ötdü (gözləmə limiti). Heç nə olmadı. Uçuşun idarə mərkəzində isə narahatlıq yaşanılırdı (zarafat deyil- 10 il gərgin əməkdən sonra!). Marsın atmosferi axtarıldı –amma heç bir nəticə yox idi. Orbit stansiyası yoxa çıxmışdı.

Sonra isə müəyyən olmuşdur ki, kosmik gəmi başqa bir orbitə keçərək çox aşağıdan uçmuş və nəticədə o, atmosferdə tamamı ilə yanmışdır. Baş verən hadisənin səbəbini başa düşmək üçün isə çox vaxt lazım gəlmişdir: vaxt tənliklərindən birində ölçü vahidləri metrik sistemdən ingilis ölçü sisteminə keçirilməmiş və 300 milyon dollar dəyəri olan orbit stansiyası fəzaya çıxdığı andan ölümə məhkum olmuşdur.  Gəmini labüd ölüm gözləyirdi.

Həmişəki kimi uğursuzluğun səbəbləri çox idi. Orbital stansiya NASA-nın  «Daha cəld, yaxşı və ucuz» proqramının bir hissəsi idi, proqramın əsas məqsədi yaradıcı azadlıq naminə innovasiyaların tətbiqinin sürətləndirilməsi olmuşdur. Eyni zamanda innovasiya menecerləri arasında yayılmış dilemma riski də artmaqda idi. Lakin uğursuzluq zəncirindəki əsas bənd metrik sistem idi: nəyə görə bəzi ölkələr, xüsusən də ABŞ, hələ də başqa ölçü sistemindən istifadə edirlər?
Metrik sistem 200 ildən artıqdır ki mövcuddur. Onu planetdəki 200 ölkədən 190-ında istifadə edirlər və o ingilis sistemi ilə müqayisədə bir sıra üstün cəhətlərə malikdir. Cola və ya Pepsi kimi qazlı su bankalarının üzərində simvolik kompromis əlaməti olaraq həm metrik, həmdə ingilis həcm vahidləri qeyd olunur (12 unsiya/ 354 ml). Hətta ingilis sisteminin fut/qallon/mil) vətəni olan Böyük Britaniyanın özündə belə artıq uzun illər bundan öncə metrik sistemə keçilmişdir.

Təklif olunmuş, lakin rədd edilmiş innovasiya əhvalatının tarixi Tomas Ceffersonla başlayır.  Dövlət katibi vəzifəsinin sahibi kimi, o səmimi şəkildə Babilistan,  Roma və Sakson kral ailələrinin mirası olan bu əcaib ingilis ölçü sistemindən imtina etməyi təklif etmişdir. Məsələn yard həmin dövrlərdə kralların bellərinə bağladığı kəmərin uzunluğu ilə müəyyən olunur (görən onlar belə kök olmasaydı, kim bilir indi bizim futbol meydanları nə boyda olardı). Əsrlər boyu ingilis monarxları tərəfindən dəstəklənən bu sistem  amerikan koloniyalarında da avtomatik tətbiq olunmağa başlamışdı. Cefferson isə uzaqgörən və açıq fikirli bir insan idi. O bilirdi ki, təkmilləşmiş sistem yaratmaq çətin olmayacaq və o xalq üçün mühüm dəyər kəsb etməyə başlayacaq, buna görə də dərhal işə başlayır. Tezliklə onun yeni planı yaranır, illər sonra bu plan Fransada metrika adlanacaq. O, ingilis futunu on hissəyə bölərək, onları xətt adlandırmış, xətləri isə on hissəyə bölərək onları nöqtə adlandırmışdır. Onluq riyaziyyatdan istifadə vahidlərin konvertasiyasını sadələşdirmişdir. (Cəld: bir qallonda neçə unsiya var? Bəs bir kvartda neçə fincan? Bizim on barmağımız var və onluq say üzərində qurulmuş riyaziyyat hesab əməliyyatlarını daha rahat icra etməyə imkan verir.) Bu vasitə ilə Cefferson onluq say sisteminə daha iri ölçü vahidlərini də keçirməyə nail oldu. O, fut, mil və yardın miqyaslarını onluq ölçülərə uyğun korreksiya edərək, 1789-cu ildə öz planını konqresə təqdim etdi. Ona  elə gəlirdi ki, onluq sistemə vaxt vahidindən tutmuş sevgi etirafına qədər hamısı keçəcəkdir. Perspektivlər çox sevindirici idi.

Lakin təklif qulaqbatırıcı etiraz səs-küyü ilə qarşılandı; konqres planı rədd etmədi, onu acından öldürdü desək daha düzgün olar. İdeyaya sadəcə fikir verən olmadı («Siyasət: Kim xeyir götürür?», «İqtisadiyyat» və «Qısamüddətli və yaxın müddətli düşüncələr» bölmələrinə diqqət yetirin). Vaxt isə gedirdi. Atlantik okeanın digər sahilində Fransada isə metrik sistem 1793-cü ildə qəbul olunmuşdu; bir neçə on ildən sonra o Avropada üstünlük təşkil edən modelə çevrildi (proses ləng və çətin gedirdi). Bunun səbəbi daha çox Böyük Fransa inqilabı ilə əlaqədar idi.  Metrik sistemi siyasi hadisələr dalğası daha da irəli atdı, necə ki QWERTY  klaviaturası çap maşınlarının texnoloji yenilənməsindən  yararlanmışdı.
1866-ci ildə nəhayət ABŞ-da 50 il əvvəl irəli sürülmüş, köhnə ideyanın harayına səs verməkdən başqa yol qalmamışdı. Konqres tədbir töksə də, qərar qəbul etməkdə bir az qətiyyətsiz davrandı. Təsbit olunmuş qanuna əsasən bundan sonra metrik sistem leqal şəkildə istifadə etmək olardı. Bəs nəyə görə bu sistem yenə də uduzdu? Amerikanlar çox cüzi bir hissəsi bu yeniliyə reaksiya verdi, fərdi biznes sahibkarları isə öz avadanlığını dəyişməkdə heç bir məna görmürdü; nəticədə başlanğıc variant öz mövqelərini qoruyub saxladı. Daha sonralar yeni metrik sistemi irəlilətmək üçün daha bir neçə addımlar atıldı, o cümlədən qida məhsullarının etiketləri üzərində həcmlər hər iki ölçüdə göstərilməli idi (qazlı su şüşələri ilə bağlı misalı yada salın). Lakin “yük indi də oradadır».

Bir çoxları hesab edir ki, vəziyyət güclü bir əlin nəzarətini tələb edir: ölü nöqtədən tərpənməyin yeganə yolu-əmr verməkdir. Təsəvvür edin ki, QWERTY  klaviaturasını başqası ilə əvəz etməyin dünyada sülhə səbəb olacağına və ya bəşər övladının yer üzərində daimi mövcudluğunu təmin edəcəyinə dair əlinizdə yetərli sübutlar var. Bütün dünya boyu yayılmış klaviaturaları dəyişmək üçün nə etmək lazım gələcək? Bəs təkcə bir böyük ölkədə? Altı aydan da az bir vaxtda? Belə tapşırıqlar çox çətin yerinə yetirilir, çünki onların həyata keçirilməsi üçün  külli miqdarda maliyyə vəsaiti lazımdır. QWERTY-nin qəbul olduğu dövrdəki kimi daha böyük innovasiya dalğası olmazsa və ya fantastik filmlərdə təsvir olunduğu kimi ümumiyyətlə klaviaturaların yoxa çıxmasına, yəni gərəksiz olmasına səbəb olacaq texnoloji inqilab olmazsa, belə dəyişikliklərin gerçəkləşməsi ağlabatan görünmür.

Bəzi innovasiyalar,məsələn avtomobillərin təhlükəsizlik sistemləri və ya binaların ekoloji inşası (asbest istifadə olunmadan) yalnız ona görə öz təsdiqlərini tapdı ki, dövlət bu istiqamətdə ya həvəsləndirici metodlardan istifadə edir, ya da müəyyən cəzalar tətbiq edirdi (əksər hallarda əvvəlki modeldən istifadə qeyri qanunu elan edilirdi). Bəs, cəmiyyətin ümumi mənfəəti, ayrı bir fərdin hiss olunan mənfəətindən üstün tutulduğu bir situasiyada proqress daha necə baş verə bilər? (məsələn, icbari orta təhsil – bu ölkə üçün yaxşı olsa da, uşaqlar arasında elə də populyar deyil.) Buna baxmayaraq bəziləri hesab edir ki, innovasiyalara təkan verilməsi (yəni onların müəyyən qurumlar tərəfindən dəstəklənməsi) azad bazar qanunlarına ziddir və əksər hallarda yalnız ona ziyan yetirir. Əslində isə hər şey daha qəlizdir; bəzən kənardan göstərilən kömək xeyir gətirir, bəzən isə yox. İstənilən halda yekun nəticə belədir: uğur daha çox yuxarıda sadalan faktorlar ilə müəyyən olunur, nəinki kiminsə kənardan motivasiya vasitəsi ilə. Məhsulun tanınmasına sərf olunun 50 milyon dollar o qədər vacib deyil, nəinki mədəniyyətin, mövcud hökmran modelin və siyasətin gücü.

Bütün sadalan faktorlar, həm də bizim çəkdiyimiz misala da aid edilə bilər, çünki ingilis ölçü sistemi hökmran model idi. Baxmayaraq ki, metrik sistemin özünün üstün cəhətləri var idi, heç kəs amerikan siyasətçilərini və amerika xalqını inandıra bilmədi ki, dəyişikliklərə sərf olunan vəsait gec-tez öz xərcini çıxardacaq. Bəs keçidi həyata keçirən biznesmenlər hansı maraqlara xidmət etmiş olacaqdır.  Nəyə görə Cefferson öz postunu tərk edəndə heç kəs onun yolunu davam etdirmədi. Onun az saylı tərəfdarları isə hər iki sistemə bərabər hüquqlu kimi təsbit edən 1866-ci il qanunu ilə qane oldular.

Paradoks «keyfiyyət/tətbiq etmə»
Yaxşı — əlanın düşmənidir.
Volter

Ideyanın dəyərli xüsusiyyətləri ilə onun uğuru arasındakı anlaşılmaz əlaqənin göstərici olan başqa bir parlaq nümunə isə— Dünya hörümçək toru üzərində dayanan texnologiyadır. Tim Berners-Li WWW-nu kəşf edəndə texnoloji tərəqqinin gələcəyi haqqında düşünmürdü.
HTML adı altında veb saytların yaradılması aləti, hansına ki böyük üstünlük verilirdi, gələcək sənədlərin çox sadə olmasını vəd edirdi.  Ixtiraçı heç də təsəvvür belə etmirdi ki, Şəbəkənin özünün kitab dükanları və bankları olan iqtisadiyyatı peyda olacaq və əsas ünsiyyət vasitəsinə çevrilən milyardlarla şəxsi və ya peşəkar saytlar yaranacaq. Onun beynində elmi-tədqiqat sənədləri və bir tərəfli mətn formatlı kommunikasiya barədə fikirlər yaşayırdı, belə ki, məhz bu onu işə götürən şəxsi narahat edirdi.
Novatorun sadəliyə olan meyli o qədər güclü idi ki, o elə başlanğıcdan təsvirlərin və medianın rolunu azaldaraq, öz diqqətini daha çox mətn üzərində cəmləmişdi. Onun üçün HTML yüngül və asan dil idi. Onu digər proqramlaşma dillərinin lazımsız xüsusiyyətləri ilə ağırlaşdırmaq nəyə gərək idi? Hələ bundan da sadə bir şey tələb olunurdu. 1991-ci ildə ilk veb-server işə düşdü və bundan sonra Berners-Linin həmkarları tezliklə öz saytlarını və veb səhifələrini yarada bilərdi.

1993-cü ildə belə saytların sayı 130-a çatmışdı, növbəti altı ay ərzində isə onların sayı dörd dəfə artdı, 1995-ci ilə isə bu rəqəm 23000-nə bərabər idi. Hər il onların sayı iki qat artırdı. Ixtirası olmaq üçün insana sadə mətn redaktoru lazım idi. Şəbəkədəki vəziyyət bütün dünyanı, həm də Tim Berners-Linin özünü də narahat etməyə başladı.
Həmin dövrdə kompüter elminin bir sıra mütəxəssisləri iddia edirdi ki, Dünya hörümçək torunun xidmət texnologiyaları asta sürətli, müdafiəsiz və qeyri yetkin idilər. bir çoxları indi də bu fikrə sadiqdir. Onlar fikirləşir ki, hər şeyi daha yaxşı bilirlər və əgər onlar keçmişə qayıdıb Berners-Liyə və onun Netscape-dəki uşaqlarına ilk kompüter veb-brauzerinin yaradıcıları) nəyi necə etmək lazım olduğunu deyə bilsəydilər, onda bütün problemlər öz həllini tapardı (və əlbəttə ki titrəmə teqləri problemi də ortaya çıxmazdı)8. Lakin məsələ ondadır ki, əgər onların belə imkanı olsaydı, tanıdığımız hörümçək toru təmiz başqa bir forma düşərdi, bəlkə onda o heç indiki qədər müvəffəqiyyət qazana bilməzdi. Düzdür bu gün Şəbəkə məxfiliyi, təhlükəsizliyi və digər vacib nüansları təmin etməyə çalışır, 1993-cü ildə isə bu kimi cəhdlər bizim bu gün tanıdığımız İnternetin inkişafını ləngidən və ya ona əngəl törədən maneələrə çevrilə bilərdi.

İnnovasiyanın geniş yayılmasına təsir göstərən yuxarıda sadalanan həm şəxsi, həm də ümumi faktorlar onun özünü təsdiqini daha asan edir. İnternet və mobil telefonlar onlardan əvvəl gələn texnologiyalar ilə müqayisədə özlərini daha tez təsdiq edə bildilər, ona görə yox ki, indi hər şey daha sürətlə baş verir (həm də ona görə yox ki, onlar digərləri ilə müqayisədə daha çox irəli sıçrayış ediblər). Sadəcə həmin vaxt daxil olma maneələri çox aşağı idi. İnsanların artıq personal kompüterləri və telefon xətləri vardı. Bu internetin istifadəsini daha rahat və daha ucuz etdi (iqtisadiyyat). Mobil telefonlara gəldikdə isə, qeyd etmək lazımdır ki, insanlarda artıq şəxsi telefonlardan və simsiz aparatlardan istifadə vərdişi yaranmışdı. Onların daima istifadə olunması artıq sosial davranış mövqeyindən (mədəniyyət) yol verilən idi. Əgər fikirləşsək görərik ki, mobil telefon sadəcə məhdudiyyətsiz əhatə dairəsinə malik simsiz telefondur. İnternet və Dünya hörümçək toru nə qədər möcüzə kimi görünsələr də, onlar artıq o vaxta qədər mövcud olan personal kompüterlərin və tanış modemlərin genişlənmiş istifadəsidir. İnternet milyonlarla insanı elektron poçtdan və mətn redaktorlarından maksimal istifadə etməyi öyrətmişdir.

Keyfiyyət/tətbiq etmə paradoksu o vaxt meydana çıxır ki, biz əyləncə xətrinə dəyərli xüsusiyyətləri (mütəxəssislərin mövqeyi) ixtiranın qəbul olunmasına təsir edən faktorlardan ayırırıq. Ekspertlərin qənaətinə əsasən mətnlərin dərc edilməsi və şəbəkə vasitəsi ilə ünsiyyət üçün Tim Berners-Lidə olan texnologiyalardan da daha yaxşıları vardır. Ted Nelson və Duq Enqelbart artıq çoxdan onlar haqqında danışır və nümayiş etdirirdilər. Lakin «təkmilləşmiş» ideyaların 1991-ci ildə müəyyən maneələr mövcud idi. Ən yaxşı halda onlar daha baha gələcək və onların həyata keçirilməsi daha çox vaxt aparacaqdı. Biz deyə bilmərik ki, bu əlavə maneələr Şəbəkə populyarlıq qazanmağa mane olardı, ya onu tamamı ilə dəyişərdi. Ola bilsin ki, alternativ şəbəkə modellərini Berners-Lidə olmayan özünün xüsusi üstünlükləri olardı və bu onların uğurla qəbul olmasında da müsbət rol oynaya bilərdi.

Bütün bunlar adamı o fikrə gətirir ki, ən çox müvəffəqiyyət əldə etmiş innovasiyalar heç də ən yaxşı və dəyərli ideyalar olmamış. Sadəcə onlar lazımı anda, lazımı yerdə insanlara təklif edilir, ekspertlərin mövqeyindən sadəcə yaxşı kimi qiymətləndirilir. Bizim ikinci dərəcəli adlandırdığımız faktorlar isə onların qəbul olmasını asanlaşdırır. Dəyərli xüsusiyyətlərin idealizmi və onların qalib gəlməsi haqqında təsəvvürlər – müxtəlif məhdudiyyətlər, həmin dövrün mədəniyyəti, real həyat hadisələri və insanların yenilikləri sınamaq istəyindəki qeyri ardıcıllıq səbəbindən yumşalır. Bu isə öz ideyalarını dərin inamla bağlı olan ilk novatorların bazarda və cəmiyyətin gözündə uğursuzluğa düçar olmasının səbəbini izah edir. Onlardan sonra gələn, lakin kompromisə hazır olanlar isə qalib gəlir.

***

  • Mən özünə pərəstiş, innovasiya və nailiyyətlər arasındakı əlaqənin təsvir olunduğu əsərlərə dair kifayət qədər inandırıcı biblioqrafiya toplaya bilməmişəm. Amma qeyd etməyə dəyər ki, tərcümeyi hallarını oxuduğum novatorların böyük əksəriyyəti özünəvurğunluğu ilə seçilirmiş.  .
  • Duq Enqelbart tarixdəki öz  yeri barədə, həmçinin bugünkü hesablama texnikası haqqında çoxlu müsahibələr vermişdir. Alan Keydə həmçinin müasir texnologiyalara və ən yaxşı ideyaların inkar edilməsinə dair çox saylı şərhlər vermişdir.
  • Sözsüz ki, bir sıra mədəniyyətlərdə arzaların yerinə yetməsi və qəhrəmanların macəraları qədər populyar olan, müəyyən adət ənənələr, sterotiplər, həmçinin nağıl və miflər də mövcuddur. Bruno Bettelheim, The Uses of Enchantment (1991,Penguin) ya da, Cozef Kempbellin «Min sifətli qəhrəman» (Sofiya, 1997) əsərlərinə baxın.
  •  Soyğunçu baronlar – yüngül hədəflərdir. Bu damğa baxmayaraq bu gün biz onların yalnız xeyriyyəçi fəaliyyətlərini, universitet və təşkilatları müşahidə edirik. Kerneginin işçilərin hüquqları ilə bağlı bir neçə insidentləri olub. Bura həmçinin 1892-ci ildə baş vermiş  Homsted toqquşması da daxildir ki, bu zaman idarə başçısı Frik silahlanmış işçilərin yolunu kəsmiş, bu isə onların qiyamına gətirib çıxarmışdır.  Qiyam zamanı ona yaxın insan həlak olmuşdur.  Nə qədər qəribə olsa da, Karnegi-Mellon universitetinin yaxınlığındakı park Frikin adını daşıyır və tələbələrin əksəriyyəti onun adını məhz xeyriyyə fəaliyyətləri ilə əlaqədar olaraq xatırlayırlar.
  • Azadlıq Zəngi öz adını yalnız 1835-ci ildə ala bilmişdir. Bu onun başına gələn çox saylı bədbəxt hadisələr ilə bağlıdır ki, bu hadisələrin əksəriyyəti özü bir mifə çevrilmişdir.
  • Nobel müəmmalarla dolu bir şəxsiyyət olmuşdur, onun öz işi ilə bağlı çox az şey məlumdur. Belə ki, hətta Nobel mükafatının təsis edilməsi də onun vəsiyyətnaməsindəki xahişinə əsas ölümündən sonra həyata keçirilmişdi.
  • Bu mübahisəli bir iddiadır; onun dəqiqliyi vaxtdan asılıdır. Vyetnam müharibəsinə qədər bu şikayətlərə çox tez-tez rast gəlmək olardı, lakin bəziləri hesab edir ki, 1970-ci ilə qədər problemi aradan qaldırmağa icazə verən müəyyən dəyişikliklər baş vermişdir. Mən  sözü gedən sahədə mütəxəssis deyiləm, lakin bu məsələ ilə bağlı kifayət qədər inandırıcı sübutlar tapdığım üçün bu iddianı mətnə əminliklə daxil etmişəm.
  •  Hətta teq sayrışmalarının yaradıcısının  özü də bunu etdiyinə peşmandır.
Son xəbərlər
Digər xəbərlər