İngilis dilində “bankrun” anlayışı mövcuddur ki, bu da “bank həyəcanı” və yaxud “banka basqın” mənalarında istifadə olunur. Bu termin bank müştəriləri tərəfindən kütləvi şəkildə vəsaitlərini geri götürməsi halını ifadə edir.
Basqın təbii şəkildə olduğu qədər, qəsdən də yaradıla bilər. Təbii basqın hər hansı makroiqtisadi şok nəticəsində yarana bilər. Məsələn, milli valyutanın devalvasiyası zamanı.
Süni əmanətçi basqınına gəldikdə isə bu aşağıdakı formada baş tutur:
İlk olaraq maliyyə sahəsi ilə bağlı mətbuatda və yaxud internetdə hər hansı bir bankın “işlərinin heç də yaxşı getmədiyi və tezliklə müflis olacağı” ilə bağlı məlumatlar yayılır. Bu zaman təlaşa düşmüş əmanətçilər depozitlərini geri götürməyə tələsərək banka can atırlar. Bu halda isə bank çıxılmaz vəziyyət qarşısında qalır.
Bankın çıxılmaz vəziyyət qarşısında qalmasına səbəb nədir bəs?
Bank sisteminin nəzəriyyədə necə işlədiyinə nəzər salaq. Bu bank multiplikatoruna əsaslanan depozit-kredit əməliyyatlarının sıx qarşılıqlı əlaqəsidir.
“Multiplikator” — azaldan və yaxud artırandır. Məsələn, Mərkəzi bank tərəfindən məcburi ehtiyat nisbəti 10% həcmində təyin edilib. Bank bu normativi yerinə yetirməlidir.
Deməli, A adlı müştəri B bankına gələrək 1000 manat depozit qoyursa, B bankı 100 manatı ehtiyat qismində ayırmalı, geriyə qalan 900 manatı isə hər hansı C adlı müştəriyə kredit qismində verməlidir.
Belə müqavilələrin minlərlə olduğunu nəzərə aldıqda bankın əmanətçilər qarşısında borcu milyardlar edir. Fiziki olaraq əmanətçilərin vəsaitləri bankların seyflərində və hesablarında deyil, işləyir və kredit təşkilatına gəlir gətirir.
Yaranmış panika nəticəsində banka və yaxud kredit təşkilatına depozitini geri götürmək üçün müraciət edən minlərlə əmanətçini təsəvvür edin. Onların banka əmanət olaraq yatırdıqları vəsait hazırda digər müştərilərə kredit olaraq verildiyindən bank depoziti geri qaytarmaq öhdəliyini yerinə yetirə bilmir. Bu da bankı məhvə doğru sürükləyən amillərdən biridir.