2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycandan Rusiyaya uçuşlar dayandırıldı

Əldə olunan məlumata əsasən, sabahdan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır.

AZAL-dan verilən məlumata görə, vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərmişdir. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar.

Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır.

Yuxarıda qeyd olunanlarla əlaqədar, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.

Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik.

Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər.

 

 

Son xəbərlər
Digər xəbərlər