3 C
Baku
Saturday, December 14, 2024

Torpaq qanunvericili­yini pozan şəxslər barədə hansı sanksiyalar nəzərdə tutulur?

Torpaqların zibillən­məsi və korlanması, əkin yerinin yandır­ılması, torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifa­də edilməsi və s. kimi qanun pozuntuları törədən şəxslər ba­rəsində qanunvericil­ik müəyyən sanksiya­lar nəzərdə tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 244, 245, 247, 248, 251-ci və s. maddəl­ərində bu kimi hall­arı törədən şəxslər barəsində sanksiya kimi cərimələr müəyyən edilir. Belə ki, torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə isə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmçinin, torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunur. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə görə isə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə olunur. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimələnir. Bu xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə isə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimələnir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni: həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına; həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına; dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimələnir. Bu xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimələnir. Torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçmə vasitələrinin, geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Eyni zamanda, Cinayət Məcəlləsinin 188-ci maddəsi torpaq üz­ərində mülkiyyət, is­tifadə və ya icarə hüququnun pozulmasını cinayət əməli kimi müəyyən edir. Cinay­ət Məcəlləsi bu kimi əməllərin törədilmə­sinə görə cərimə, azadlığın məhdudlaşdı­rılması və azadlıqdan məhrum etmə növündə cəzalar müəyyən edir.

İstinadlar:

  1. İqtisadiyyat Nazirliyi yanında Əm­lak Məsələləri Dövl­ət Xidməti;
  2. Azərbaycan Respublikasnın İnzibati Xətalar Məcəlləsi.
Son xəbərlər
Digər xəbərlər