Daniel Svarovski yüksək cəmiyyətə brilyantları xatırladan büllur kristallara sevgi aşılamağı bacaran ilk şəxsdir.
Üstəlik, öz sələfi Jorj Frederik Strassdan fərqli olaraq Daniel heç bir zaman zinət əşyalarının büllurdan hazırlandığını və brilyantların təqlidləri olduğunu gizlətmirdi.
Başlanğıc
Daniel Svarovski 1862-ci ilin 24 oktyabrında Şimali Bohemiyada yerləşən (Avsto-Venqriya) kiçik Heorgental kəndində dünyaya göz açıb. Daniel ailəsi də şüşənin emalı ilə məşğul idi. Onun atasının kiçik bir emalatxanası var idi.
Daniel atasına işlərində kömək edirdi. Və bu sahədə ilk biliklərini atasından öyrənir. Lakin Daniel musiqiçi, skripkaçı, olmaq istəyirdi.
Lakin onun bu arzusu yerinə yetmir və Daniel Parisə təhsil almağa gedir.
Parisdə gələcəyin büllur ustasının həyatını dəyişən mühüm bir hadisə baş verir. Svarovski elektrik sərgisinə gedir və orada o dövrün çox saylı müasir texnologiyalarla və elmin nailiyyətləri ilə tanış olur. Sərgidə ən çox onun diqqətini elektrik cərəyanı ilə şüşələrin üyüdülməsi texnikasından istifadə etmək imkanı cəlb edir.
Zaman ötürdü. Sərgidən təxminən 10 ildən sonra (1881-ci ildə) Svarovski şüşənin elektriklə üyüdülməsi üçün ilk cihaz hazırlayır. O, dərhal bu maşının patentini alır və Svarovski iş adamı olmağa qərar verir. O, doğma kəndinə qayıtmır. Çünki orada və xüsusi ilə Şimali Bohemiyada bu işlə məşğul olan kifayət qədər ustalar var idi.
Daniel Tirol yaxınlığında (Avstriya) yerləşən Vattens kəndinə gedir. Məhz burada o, 1885-ci ildə ilk Swarovski fabrikini açır.
İlkin olaraq şirkətin adı «D.S. & Co» idi və bu “Daniel Svarovski və onun şirkəti” demək idi. Digər versiyaya görə şirkət Daniel və onun fransız şəriki tərəfindən yaradılmışdı və şirkətin adında ilk olaraq Danielin şərikinin adı gəlirdi.
Lakin bu versiyaları təsdiqləyən faktlar yoxdur.
Beləliklə, 1985-ci ildən etibarən Svarovskinin şirkəti qiymətli daşların təqlidi olan büllurların istehsalına başlayır. Svarovskinin zinət əşyaları nisbətən ucuz qiymətə satılırdı. Və yaxın bir zamanda bu əşyalara tələbat artır. Swarovskilər dəbli aksessuara çevrilirlər. XX əsrin əvvəlində şirkətə həddindən artıq çox sifariş gəlirdi və şirkət sadəcə olaraq Swarovski adlanmağa başlayır. Daniel heç bir zaman öz zinət əşyalarının brilyant olmadığını gizlətmirdi.
Əfsanənin yaradılması
Məhsula olan yüksək tələbat şirkətin genişlənməsinə səbəb olur. Svarovski əlavə olaraq daha 200 işçini işə götürür. Bütün Avropada onun zinət əşyalarına böyük tələbat var idi. Parisin və Sankt-peterburqun elitası yetərincə qısa bir zamanda Swarovski kristal bəzək əşyalarını sevir. Həmçinin onları varlı olmayan insanlar da əldə edə bilirdilər. Çünki brilyantlardan fərqli olaraq, bu bəzək əşyalarının qiyməti nisbətən ucuz idi.
Şirkətin fəaliyyətinə Danielin üç oğlu da qoşulur və bu hal müəssisəni ailə biznesinə çevirir. Svarovski oğulları ilə birlikdə işdə çox vaxt keçirirdi. Onlar büllurların hazırlanması üçün tamamilə yeni bir texnologiyanın yaradılması üzərində işləyirdilər. Və sonunda buna nail olurlar.
Birinci Dünya müharibəsi başlayır. Bütün Avropada zinət əşyalarına olan tələbat azalır. O zaman Swarovski hələ Amerika bazarına gəlib çıxmamışdı. Məhz o zaman Svarovski Tyrolit şirkətini açır. Bu şirkətin fəaliyyəti müxtəlif materialların üyüdülməsi və cilalanması üçün maşınlar istehsal etməkdən ibarət idi. Bu şirkət bugünkü günə qədər fəaliyyətini davam etdirir.
20-ci illərin əvvəllərində vəziyyət düzəlir və şirkət artıq yeni texnologiya ilə büllurun istehsalı ilə məşğul olmağa başlayır. Svarovskinin məhsulları bütün dünyada təqdim olunan məhsullardan fərqlənirdilər. Daniel şirkəti şöhrət qazandıqca, onun rəqibləri müflisləşirdilər.
Koko Şanel Swarovskinin bəzək əşyalarına müraciət etdikdən sonra moda dünyasının Swarovskiyə rəğbəti artır.
Svarovskinin işləri bir sıra patentlərin və gizli düsturun sayəsində onun rəqiblərinin işlərindən daha üstün idi. Gizli düstur bugünkü günə qədər tapılmayıb və şirkətin uğurunun mühüm amili sayılır. Swarovski bəzək əşyaları daha parıltılıdırlar və onları brilyantlardan ayırmaq çox çətindir. Bir çoxları bunun səbəbini bu bəzək əşyalarının tərkibində qurğuşunun olması ilə əlaqələndirirlər. Lakin bu yeganə amil deyil. Bütün dünyada yalnız Swarovski şirkəti bülluru xüsusi şəkildə kəsir.
1929-cu ildə Swareflex brendi yaradılır. Bu brend avtomobillər üçün xüsusi şüa əks etdirən şüşələr buraxırdı. Bir müddətdən sonra şirkət bir sıra optik əşyalar istehsal edən brend açır. Bu optik əşyaların sırasında binokllar da var idi.
Sonra isə İkinci Dünya müharibəsi başlayır.
Bu dövrdə şirkətin fəaliyyəti haqqında dəqiq məlumatlar yoxdur. Lakin Swarovskinin ABŞ bazarına çıxdığı məlumdur.
Şirkətin buna necə nail olduğu hər kəs üçün müəmmalıdır. Çünki Swarovski şirkəti bir Avstriya şirkəti idi. Bu ölkə isə Hitlerin tərəfində müharibə aparırdı.
Müharibə bitdikdən sonra həyat stabilləşməyə başlayırdı. Bəzək əşyalarına olan tələbat artmağa başlayır. Həmin dövrdə Swarovski artıq yalnız kütləvi məhsulların istehsalı ilə deyil, həmin xüsusi bəzək əşyalarının istehsalı ilə də məşğul idi.
1956-cı ildə Daniel Svarovski dünyadan köçür.
Ailə biznesi o qədər yaxşı təşkil olunmuşdu ki, Danielin vəfatı şirkətin gələcək inkişafına mane olmur.
Danielin nəvəsi Manfred Svarovski rəngli büllurlar düzəldə bilən texnologiya icad edir. Bu icad şirkətin tarixində mühüm bir amil kimi qiymətləndirilir. Swarovskidən əvvəl bunu heç kəs etmirdi. Bu bir növ inqilab idi. Manfredin texnologiyası ilə düzəldilmiş rəngarəng bəzək əşyaları yüksəl cəmiyyətin diqqətini cəlb edir və onlara tələbat artırdı.
Vaxt keçirdi. Şirkətin təqdim etdiyi çeşidlər zənginləşməyə başlayırdı. Çılçıraqlar üçün büllur Swarovski şirkətinin yeni fəaliyyət növünə çevrilir. Lakin bu günkü gündə bu haqda az insanın məlumatı var.
1976-cı ildə şirkət suvenirlər istehsal etməyə başlayır.
İlk suvenir fiqur büllur siçan olmuşdu. Məhsullara çox böyük tələbat var idi. Artıq bir müddətdən sonra Swarovskinin istehsal etdiyi suvenirlərin kolleksiyacı klubu formalaşmışdı. Bir sıra mənbələrə əsasən, bütün dünya üzrə bu kluba 500 mindən artıq insan daxildir.
Swarovski bugünkü gündə
Swarovskinin unikal məhsullarının sirri nədədir? Bir neçə ildir ki, digər şirkətlər bu sirri tapmaq istəyirlər. Lakin onlarda heç nə alınmır.
Və yəqin ki, heç bir zaman heç bir şirkət bu sirləri tapa bilməyəcək, çünki Swarovski şirkəti öz sirlərini məharətlə qoruyurlar.
Buna baxmayaraq bugünkü gündə Swarovskinin bəzi sirləri ictimaiyyətə məlumdur.
Məsələn, büllurların nəyə görə bu qədər parıltılı olduqları artıq bəllidir. Onların tərkibinə 32% qurğuşun daxildir. Digər şirkətlərin məhsullarının tərkibində qurğuşun 24%-dən çox olmur.
Və ən əsas, Daniel Svarovskinin əsasını qoyduğu büllurların cilalanma üsulu bugünkü gündə də davam edir.
Bu və ya digər məhsul hazırlandıqdan sonra Swarovski şirkətinin əməkdaşları onun haqqında bütün sənədləri məhv edirlər.
Şirkətin yaradılmasının 100 illik yubileyinin şərəfinə unikal Swarovski muzeyi açılır. Bu muzey əsl büllur mağaradır. Burada ekskursiyalar keçirilir. Muzeyin əsas sərvəti ən böyük Swarovski büllurudur. Onun çəkisi 62 kiloqram, diametri 40 santimetr təşkil edir. Bu büllur dünyanın ən böyük bülluru kimi Ginnesin rekordlar kitabına daxil edilib.
Həmçinin muzeydə ən kiçik büllur da göstərilir. Onun diametri 0,8 millimetr təşkil edir.
Bugünkü gündə şirkət bütün dünyada istifadə olunan keyfiyyətli bijuteriyaların 80%-ini istehsal edir. Swarovskinin qərargahı hələ də kiçik Avstriya kəndi Vattensdə yerləşir.
Swarovski şirkətinin əməkdaşlarının sayının minlərcə olmasına baxmayaraq, şirkət bugünkü gündə də Danielin ailəsinin idarə etdiyi şəxsi şirkət olaraq fəaliyyətinidavam etdirir.
Şirkəti dövlət şirkəti etmək haqqında heç düşünmürlər də.
Swarovski bugünkü gündə mükəmməl nüfuzu olan bir şirkətdir. Swarovskinin bəzək əşyalarına sahib olmaq prestijli sayılır. Qeyd edək ki, şirkət reklamlara sığınmır.
Lakin bir zamanlar brend «The Phantom of the Opera» filmində fəal şəkildə reklam olunurdu. Hətta bu filmdə şirkətin mağazası da göstərilmişdi (hal-hazırda Swarovskinin öz mağazalar şəbəkəsi var).
Şirkəti gələcəkdə nə gözləyir? Bu suala cavab vermək çətindir. Lakin şirkətin dünya arenasında nüfuzunu nəzərə alsaq, Swarovskinin gələcəyinin olduğunu iddia edə bilərik.