XÜSUSİLƏ MÜASİR DÖVRDƏ müharibə orduların, silahların deyil, beyinlərin, düşüncələrin toqquşması, mübarizəsidir. Bu mübarizələrdə sahədə daha çox silahı, daha çox ordusu olan deyil, düşüncə tərzi daha güclü olan qalib gəlir. 44 günlük müharibədə də biz bunun canlı şahidi olduq. Nədir bu düşüncə tərzi? Bu düşüncə tərzi analitik, fərqli düşünə bilmə, başqalarının görə bilmədiyini görə bilmək, məsələyə bir, iki deyil, 5-10 və daha çox bucaqdan baxa bilməkdir.
Cəmi 2 il öncə pandemiya dünyada tüğyan etməyə başladığı anda ABŞ konkret iqtisadi paket və reseptləri təqdim və tətbiq etməyə başladı. Ardınca bütün dövlətlər bu reseptləri tətbiq etməyə başladılar. Bu, hər hansı fövqəladə hadisəyə operativ yanaşma və sürətlə toparlanmaq nümunəsi idi. Bu, hər hansı bir fövqəladə halda düzgün qərar verib vəziyyətə uyğun resepti ortaya qoymağın nümunəsi idi. Bu reseptlər və yanaşma isə analitik mərkəzlərdə hazırlanır, təqdim edilir. Həmin reseptlər isə onlarla, yüzlərlə oxşar tarixi hadisələri, baş verə biləcək hadisələrin senarilərini, həmin senarilərin simulyasiyalarını, hər bir simulyasiyanın nəticə(lər)ini və nəticədə daha doğru A, B, C və sair variantları, senariləri təqdim edir. Nəticədə dövlət bütün variantları, senariləri, nəticələri öncədən görərək onlara hazır olur. Bu dünyada hazırda geniş tətbiq edilən risklərin idarə edilməsi sahəsinin ayrılmaz bir tərkib hissəsidir. (Bu sahədə təlimlər keçdiyim və daha çox texniki və dərin yanaşma olduğu üçün dəyərli oxucuları yormadan məsələnin digər hissəsinə keçək).
Mövzunu çox dağıtmadan konkret olaraq Rusiya-Ukrayna müharibəsi üzərindən analitik düşüncə tərzinin üstünlüklərinə baxaq.
Birincisi, şahmatda hansı şahmatçı qalib gəlir sualına cavab tapaq. Şahmatda daha çox gedişi öncədən görə bilən şahmatçı qalib gəlir. Yəni, müəyyən bir vəziyyətdə bir şahmatçı 8, digəri 9 gedişi öncədən düzgün hesablayırsa 9 gedişi öncədən hesablayan şahmatçının qalib gəlmə ethimalı 80%-nin üzərindədir. Bunu şahmatçılar yaxşı bilir. Rusiya-Ukrayna münaqişəsinin də beyinlərin müharibəsi və mübarizəsi olduğunu nəzərə alsaq, burada daha çox gedişi, müxtəlif variantları, senariləri, çıxa biləcək fövqəladə hallarda daha hazırlıqlı olanların qalib gəlməsi ehtimalı daha yüksəkdir. Burada da 2 cür yanaşma və variant mövcuddur: 1) Fövqəladə hal öncədən qeyd olunur, həmin hal üçün öncədən senari və simulyasiyalar yazılır, hansı addımların atılacağı müəyyən olunur. Fövqəladə hal baş verdikdə həmin addımlar atılır; 2) Fövqəladə hal baş verdikdən sonra nə etmək lazımdır məsələsi ortaya çıxır və stres, tələskənlik, soyuqbaşlı analitik və hərtərəfli hesablanmış düşüncədən daha çox emosiyaların və hisslərin hakim olduğu qərarlar qəbul edilir. Dünyanın böyük gücləri 1-ci variantla hərəkət edirlər. Hadisələrin gedişində müəyyən düzəliş və dəyişikliklər ola bilər. Amma atılan addımlar öncədən düşünülmüş çoxsaylı senarilərin nəticələridir.
Analitik beyin mərkəzlərinin inkişaf etdiyi ölkələrdə (güc mərkəzlərində) əsas prinsip “ən bahalı fabrik beyin, ən bahalı məhsul fikir, ideyadır” yanaşmasıdır. Həmin ölkələrdə hər bir ideyanın, fikrin, həyata keçən layihənin obyektiv olaraq formalaşmış qiyməti, dəyəri vardır. Biz hansı ildə istehsal olunmuş hansısa markalı maşının opsiyaları və düzgün kilometrajını da nəzərə alaraq qiymətini necə müəyyən ediriksə fikir və ideyaların da qiymət və dəyərlərini həmin fikir və ideyalara layiqli bir şəkildə müəyyən edə bilirlər. Bu səbəbdən analitik beyin mərkəzlərində rəqəm, formal təhlillər deyil, geniş vizyonu və müxtəlif variantları əhatə edən gələcəyə yönümlü dərin analitik təhlillər yaranır.
Maraqlı ola biləcəyini düşünərək həmin beyin mərkəzlərinin analitik təhlilə tələbləri və yanaşma tərzləri ilə inkişaf etməkdə olan ölkələrin yanaşma tərzlərinin bir neçəsini (hamısı üçün məqalə deyil, bir kitab belə kifayət etməz) nəzərdən keçirək.
Analitik təhlil baş verə biləcək hadisənin, ortaya çıxa biləcək bir vəziyyətin öncədən müxtəlif metod, statistik modelləşdirmə, simulyasiyalar, tarixi yanaşmalar, induktiv (xüsusidən ümumiyə) və deduktiv (ümumidən xüsusiyə) metodlar da daxil olmaqla müəyyən olunmasıdır. Yəni, gələcəyin şəkilləndirilməsidir. (analitik düşüncə, vizyon, strategiya, şəkilləndirmə və sair məsələlər haqqında son 10 il ərzində müxtəlif məqalə və çıxışlarım olduğu üçün bu məsələlərin üzərində çox dayanmıram). Bu yanaşma güclü analitik beyin mərkəzlərində formalaşır. Bu kimi təhlillərdə risklərin ölçülməsi, qiymətləndirilməsi kimi məsələlər ön planda olur. Nisbətən zəif mərkəzlərdə isə hadisələrin daha çox keçmiş və indiyə baxışla təhlilidir. Bu isə analitik təhlil yox, şərhdir. Şərh keçmiş və indinin üzərində söz bolluğudur, hadisələrin sözlə ifadəsidir. Fikrimi daha sadə misalla izah edim. Futbol oyununun gedişini danışan şəxs ilk 30 dəqiqədə nə baş verdi, oyun necə başladı, neçə vərəqə göstərildi, neçə qol olub, kim üstün oynayır, bu dəqiqələrdə kim hücumdadır, kim kimə top ötürür və sair danışır. Bu şərhdir. Amma ilk 30 dəqiqədə baş verənləri təhlil edib həmin təhlil nəticəsində hansı oyunçuların formada olub, hansıların formada olmadığını müəyyən etməklə, hansı cinahın güclü, hansı cinahın zəif olduğunu, komandaların əhval-ruhiyyələrini, onların cədvəldəki mövqelərini, xala nə dərəcədə ehtiyaclarının olmasını və əlavə olaraq şans, təsadüf amillərini də nəzərə alaraq növbəti 60 dəqiqənin gedişini proqnozlaşdırıb müəyyən edə bilmək analitik təhlildir. Gücləri və imkanları arasında böyük fərq olmayan 2 komandadan hansının məşqçiləri bu analitik təhlili ilk 15-30-45 dəqiqədə düzgün edə bilirsə həmin komanda da oyunun qalan hissəsinin senari və gedişini müəyyən edir. Fikir vermisinizsə, güclü məşqçilərə malik komandalar 60, 70, 80 dəqiqə 0:0 oynadıqları, və ya hesabda geri düşdükləri oyunda son 10, 15, 20 dəqiqədə 1-3, bəzən 4 qol vurmaqla oyunun taleyini həll edirlər. Adətən bu cür qırılma anları dəyişikliklərdən sonra olur. 70 dəqiqənin gedişatının düzgün təhlili növbəti 20 dəqiqəni diqtə etməyə imkan verir. Bu isə mükəmməl və sonlandırılmış bir analitik təhlildir. Bu senari və yanaşmanı biz təkcə futbolda görmürük. Şəxsi həyatda da belədir, iş həyatında da, dünya siyasətində də, iqtisadi siyasətlərdə də, müharibə meydanlarında da.
İkinci məsələ düşüncə tərzidir. Keçdiyim təlimlərdə ilk sözüm budur ki, təlimdə əzbər, köçürmək deyil, təlim mövzusu ilə bağlı düşüncə tərzini formalaşdırmaq əsas məqsəddir. Təlimin ilk günündə qeyri-müəyyən olan bu fikir son günlərində iştirakçılar üçün aydın olur və bu fikri iştirakçılar özləri izah edir. Uzun yazmadan bir neçə qısa tezislərlə məsələyə nəzər yetirək.
Bir qanunun maddələrini əzbər bilmək başqa, o qanunun fəlsəfəsini, mahiyyətini, ortaya çıxma səbəbini dərk etmək başqadır. Oxumaq başqadır, öyrənmək başqa. Baxmaq başqadır, görmək başqa. Ən böyük səhvlər qərar anında olur. Qərar qəbul edərkən beyin soyuq deyilsə, kin, nifrət, hikkə, şəxsi mənafe və ya sevgi, simpatiya varsa qərarın obyektivlik dərəcəsi 50%-in altında olacaq. Hadisələrin qızma və qaynama nöqtələrini düzgün müəyyən etmək önəmlidir. Düzgün risk xəritəsi, stress test, düzgün qurulmuş ssenari və simulyasiyaları əhatə edən bir təhlil əsasında qərar vermək başqadır, bunu edək, sonrasına baxarıq prinsipi ilə qərar vermək başqa.
Digər məsələ rəqəmlərə baxışdır. Birisi mənim 1000 manat borcum var dedikdə əksəriyyətimizin ona ya yazığı gəlir, ya da bu nə puldur ki deyirik. Çünki, məsələyə öz tərəfimizdən, öz gəlirimiz əsasında baxırıq. Heç bir fikir bildirmədən, həmin şəxsin aylıq stabil qazancını soruşsaq onun real vəziyyətini müəyyən edə bilərik. Rəqəmlərin nominal olub təkbaşına nəsə ifadə etmədiyini, yalnız digər uyğun rəqəmlərlə nisbətdə nəsə ifadə etdiyini anladıqca hadisələrə baxışımız və mövqeyimiz dəyişir. Sorğunun, rəqəmin, ayrı-ayrı fraqmental hadisə və vəziyyətlərin analitik təhlil deyil, analitik təhlilin ayrı-ayrı parçaları olduğunu anladıqca hadisələrə baxışımız dəyişir. Baş verən bütün hadisələrə, o cümlədən Rusiya-Ukrayna hadisələrinə də bu cür baxış fərqli bir mənzərə və reallığı bizə göstərər. Nəhayət sonuncu qeyd. İstisnasız olaraq bütün siyasətlərin kökündə iqtisadi məsələlər durur. İqtisadi mənafelər səbəb, siyasət həmin mənafelərə çatmaq üçün atılan addımlar və nəticə, bizim gördüklərimiz isə aysberqin görünən 3-5 %-dir. Məhz, Rusiya-Ukrayna müharibəsi kimi.
Bütün qeyd etdiklərimin hər birinin əslində bir məqsədi var. Anlaşılan odur ki, Rusiya-Ukrayna müharibəsinin gətirə biləcəyi nəticələri xüsusilə Rusiyada tam olaraq ya hesablaya bilmirlər, ya hesablamaq istəmirlər. Yəni, düşüncələr soyuq beynin deyil, qızğın beyinlərin məhsuludur. İndi 1920-ci illər deyil ki, hansısa orta və böyük ölçülü bir dövlət sərhədləri bağlayıb özümüzü dolandıracağıq desin. Müharibələrdən sonra dağılan ölkələrdə ciddi sıçrayış və inkişaf olur. Bu müharibə dünya iqtisadiyyatının böyümə sürətinə daha mənfi təsir edəcək. Zərərlər böyük olacaq. Amma bu böyük zərərlər hansısa dövlət(lər)in hesabına bağlanacaq.
P.S. 2021-ci ildə qlobal iqtisadiyyatın 5.5% böyüməsinin statistik göstərici olduğunu, əslində real (rəsmi inflyasiya nəzərə alınıb) inflyasiyanı nəzərə aldıqda 2021-ci ildə də qlobal iqtisadiyyatın real olaraq kiçildiyi haqqında bir məqalə yazmışdım. Alternativ və ənənəvi enerji tərəfdarlarının da kəskin fikir ayrılıqları, qlobal iqtisadiyyatın inkişaf və böyümə mərhələsinə (ayrı-ayrı ölkələr başqa, əsas iqtisadi güc mərkəzlərinin birgə göstəriciləri başqa) qədəm qoymaqda çətinlik çəkmələri fonunda ciddi və kəskin addımların atılacağı əslində gözlənilən idi. Bu şok hadisəsi deyil. Əsas odur ki, davamı gəlməsin…
Müəllif:
Elman Sadıqov,
İqtisadçı-ekpert