2015-ci ilin mart ayında Facebook sosial şəbəkəsi özünün peer-to-peer pulsuz pul köçürmələri sistemini yaratdı. Bu onun dünyada güclü maliyyə institutu olmaq yolunda atdığı mühüm addım idi.
Keçən il ərzində mühacir işçilər öz vətənlərinə 583 milyard dollar həcmində pul göndərmişlər. Bu pul köçürmələri inkişaf edən dünyamızda ən nəhəng pul axınlarından biridir. Bəzi inkişaf edən ölkələrdə bu köçürmələrin həcmi ÜDM-un 30%-nə qədər ola bilir.
Lakin bu pul köçürmələrinin dəyəri hələ ki, kifayət qədər yüksəkdir. Pul köçürmələrinin qlobal bazarı iki nəhəng şirkət — Western Union və MoneyGram tərəfindən idarə edilir. Köçürmələrin orta dəyəri 8% təşkil etsə də, bəzi ölkələr arasında köçürmələrin dəyəri 29%-ə çata bilər.
Facebook isə öz növbəsində pul köçürülməsi üçün istifadəçilərdən hər hansı bir ödəniş tələb etmir. Facebook daxili pul köçürmələri hələ ki, yalnızca ABŞ sərhədləri daxilində mümkün olsa da, xidmət yaxın gələcəkdə digər ölkələrdə də əlçatan olacaq. Və görünür sərhəddən kənar ödənişlərin də dəyəri sıfıra bərabər və yaxud çox cüzi olacaq. Facebook şirkətinin məhsul üzrə meneceri Steve Davis-in sözlərinə görə, şirkət ödənişlərdən pul qazanmaq niyyətində deyil.
Keçən ilin yayında belə məlum olmuşdu ki, Facebook İrlandiya Mərkəzi bankından bank lisenziyası almağa yaxındır. Bu lisenziya isə öz növbəsində sosial şəbəkəyə Facebookda pul saxlamağa, onları digərlərinə göndərməyə və online ödəniş etməyə imkan verəcəkdi.
Uzun müddətli perspektivdə Facebook ödənişlər üçün aşağı dərəcəli ödəniş haqqı təyin etməklə və rahat mobil tətbiqetmə təklif etməklə Western Union və Money Gram biznesinə güclü zərbə vura bilər. Belə olduqda Facebook çox milyardlı sərhəddən kənar pul köçürmələri bazarında böyük paya sahib ola biləcək. Bu da öz növbəsində Facebook istifadəçilərinin sayını artırmağa imkan verəcək.
Facebook-un pulsuz çox milyonlu ödəniş sistemini həyata keçirməsinə imkan verən amillərdən biri onun hər şeydən öncə reklam şəbəkəsi olmasıdır. İstifadəçilərin maliyyə davranışları barədə məlumatların onun sosial davranışı ilə uyğunlaşdırmaq Facebook-a reklamçıların gözündə böyük üstünlük qazandırır. Dünyada heç bir reklam şəbəkəsi alıcı davranışı, gəlir, qənaət və s. baxımından çıxış edərək targetinq reklamı üzrə Facebook-un sahib olduğu imkanlara sahib ola bilməyəcək.