21 mart tarixində Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti iclası öz işinə başlayıb. İclasda ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirin ilk günü nazir müavini Rövşən Rüstəmov məruzə ilə çıxış edərək, Azərbaycanda İKT infrastrukturunun inkişafı və rəqəmsal transformasiya üzrə görülən işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Nazir müavini bildirib ki, ölkəmizdə, əhalinin demək olar ki, 85 faizi internetdən istifadə edir.
“Biz ölkəmizin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa və GPON, LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələri həyata keçirməyə davam edirik. Məqsədimiz FTTH (Fiber to the Home) şəbəkələrindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaq və 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olmaqdır”, – deyə Rövşən Rüstəmov qeyd edib.
Qeyd edək ki, Şurada təşkilatın 193 üzv ölkəsindən yalnız 48-i təmsil olunur. 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014 və 2018-ci illərdə ard-arda Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir.