Banker.az-ın verdiyi xəbərə görə, dünən Rusiya Prezidenti dost olmayan ölkələrə (başda Avropa Birliyi) qazın rus rublu ilə satılmasını tapşırıb. Bunun Rusiya və dünya üçün nə ilə nəticələnə biləcəyi haqqında fikirlərini iqtisadçı ekspert Elman Sadıqov bölüşüb.
Onun fikrincə,
– Rusiyada bir çox dairələr daxil olmaqla bir çoxları Rusiyanın petrodollar sisteminə meydan oxuduğunu düşünür. Lakin, tam olaraq belə olmayacaq. Çünki, neft-qaz-qızıl və digər əmtəələrin qiymətləri dollarla müəyyən olunur. Hesablaşmalar dollarla qiymət üzərindən aparılır;
– Qazpromun bağladığı müqavilələrdə də qiymətin dollarla təyini qəbul olunur, avro (EUR/USD kursu) ilə qəbul olunur;
– bu mövcud müqavilələrin pozulması deməkdirsə (müqavilələrdə hansı birjadakı qiymət və ödəniş valyutası müəyyən olunur), o halda Rusiyanı əlavə olaraq beynəlxalq məhkəməyə verə bilərlər və zərərləri ödəməsini tələb edə bilərlər. Rusiyanı cərimə etmək üçün əlavə səbəb və ya bəhanə. (hər bir halda bu məsələ müqavilənin maddələri, müddəti və digər şərtlərdən asılıdır);
– Avropa Birliyi yenidən imtahan qarşısındadır. Dəyərlər yoxsa qaz? (bu mövzuda təkrara yol vermək istəmirəm. 2 gün öncə yazdığım statusda Avropa Birliyinin öz dəyərlərini qorumaq üçün daha sərt və qərarlı olacağı, yoxsa yenə də zəiflik göstərəcəyi ilə bağlı dilemma qarşısında qalmasına tarixi aspektdə toxunmuşdum);
– ABŞ və Britaniya böyük ehtimalla bu addıma qarşı daha sərt addımlar atacaq;
– Çin Rusiyanın bu addımını dəstəkləsə, Rusiyanı çıxılmaz dalana doğru addımlar atmağa təşviq edərək özündən asılı vəziyyətə salmaq niyyətini aşkar edəcək;
– sadəcə olaraq, siyasi cəhətdən bu qərar müəyyən müddətə eyforiya yaratdı.
Məsələnin iqtisadi tərəflərinə gəlincə:
– Rusiya üçün bu addımın heç bir iqtisadi əlavə gəliri olmayacaq. Əksinə, konvertasiyalarda uduzacaq. 3 tərəfli konvertasiya olacaq. Dollar – avro – rubl;
– rubl ilə satış mexanizmi hələ hazır deyil. Avropa mexanizmin olmadığını, müqavilə şərtlərini əsas gətirərək vaxt udacaq. Rusiya qazı kəsərsə nə olacaq? Rusiya qazı kəsərsə, bu dəfə Zelenskinin Avropadan istədiyini Rusiya özü etmiş olacaq. Bununla da Rusiya özü-özünü boğmuş olacaq;
– rubl sərbəst dönərli valyuta deyil;
– bu addım rubla müəyyən müddətə psixoloji dəstək verəcək, əmtəə qiymətlərini artıracaq;
– qısaca deyim ki, burada Rusiya üçün ciddi müsbət bir dəyişiklik yoxdur. Tranzaksiyadan sonra atılan addımlar tranzaksiyadan öncə atılacaq. Yeganə müsbət cəhəti budur ki, Rusiya özünü sığortalamaq istəyir. Ehtiyat edir ki, qazın pulu ödənməz və ya yenidən həmin valyuta hesablarına da sanksiyalar qoyular. Yəni, əvvəl ödəyin, sonra qazı istifadə edin. Rubl ilə ödəyin, çünki rubla sanksiyalar yoxdur;
– bu addım gərginliyi və riskləri daha da artırdı;
– neft-qaz sənayesinə investisiyaları sürətləndirir;
– trilyon dollarlıq alternativ enerji layihələrinin həyata keçirilməsi sürəti artacaq və bu layihələrə qarşı olan müxalif qüvvələrin etiraz səsi və imkanları minimuma enir;
– Rusiya iqtisadiyyatının zəifləmə və çökməsi daha da sürətlənə bilər;
– indiyə qədər Rusiyanın monstr imici formalaşdı. İndi də Rusiyanın bütün dünyanın iqtisadiyyatında yaranan və yaranacaq çətinliklərin əsas günahkarı olması imici formalaşır;
– müəyyən müddətə Avropa üçün çətin olacaq. Amma, Avropa vaxtında Qazprom qazını əvəzləmək üçün atılan addımları tam olaraq dəstəkləməməyin, yumşaq mövqeyinin bədəlini ödəməkdədir;
– bu və bundan sonra atılacaq addımlar da bazarlarda siyasi və iqtisadi şok effekti yaratmağa yönələcək. Xaos yaratmaqla dünyanı qorxutmaq.. amma, dəfələrlə vurğuladığım kimi.. bütün inqilablar, müharibələr və dünya düzəninin dəyişməsi məhz mükəmməl xaos idarəçiliyinin məntiqi nəticəsi olmuşdur. Dünyanın bu sahədə kiyayət qədər təcrübəsi var, bəs Rusiyanın?