Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə ittifaqın ilk müdafiə strategiyasını – “Aİ-nin Strateji Kompası”nı təsdiqləyiblər.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin cümə günü yayımlanan bəyanatında deyilir.
“Strateji kompas” indi bütün üzv ölkələr tərəfindən təsdiqlənib, Avropanın müdafiə və təhlükəsizliyinin inkişafı istiqamətində real addım atmaq planımız var. İndi bizim vəzifəmiz onu tez və tam şəkildə praktikada tətbiq etməkdir”, – J.Borrell bildirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə sübut edir ki, Aİ bir neçə ay əvvəl düşünüləndən də böyük təhlükə altındadır.
“Strateji kompas” müxtəlif ssenarilər əsasında müxtəlif növ böhranlara reaksiya vermək üçün 5 minə qədər hərbçini tez bir zamanda hərəkətə keçirməyə imkan verəcək xüsusi qüvvə yerləşdirmə planını ehtiva edir. Biz həmçinin Aİ səviyyəsində əvvəllər görülməmiş müntəzəm səhra manevrləri vasitəsilə qüvvələrimizin hazırlığını artıracaq, komandanlıq və nəzarət imkanlarımızı gücləndirəcək və daha sürətli və daha çevik qərar qəbul edilməsini təmin edəcəyik. Biz kiber təhdidlərə, dezinformasiyaya və xarici müdaxilələrə cavab vermək imkanlarımızı genişləndirəcəyik. Həmçinin mühüm strateji aktivlərə və gələcək nəsil imkanlarına investisiyaları artıracağıq. Bütün bunlar Aİ-ni daha təkmil təhlükəsizlik mənbəyinə, NATO və BMT üçün daha güclü qlobal tərəfdaşa çevirəcək”, – J.Borrell vurğulayıb.
Aİ tarixində ilk müdafiə konsepsiyası olan “Aİ-nin Strateji Kompası” Ukraynadakı münaqişə ilə birbaşa əlaqəli deyil. O, 2020-ci ildən J.Borrellin rəhbərliyi altında Aİ-nin Xarici Siyasət Xidməti tərəfindən hazırlanıb.