13 C
Baku
Friday, November 22, 2024

Ən uğursuz proqnozlar

Britaniya maliyyə naziri Corc Osborn Britaniyada baş verəcək maliyyə böhranından və güclü iqtisadi sıçrayışdan danışdıqda, yada digər baş tutmayan təxminlər düşür.

London qəzeti Telegraph böyük inamla təxmin edilən, lakin reallaşmayan belə proqnozların siyahısını tərtib etmişdir.

Fond bazarının dağılması

1929-cu ildə amerikalı iqtisadiyyatçı İrvinq Fişerin təxminlərinə görə “səhmlər maksimal həddə qalxacaq və elə də qalacaq”. Təəssüflər olsun ki, iqtisadiyyat elminin neoklassik cərəyanı nümayəndəsi bu təxminini fond bazarının dağılmasından üç gün əvvəl bəyan etmişdi. Hətta bazarın dağılmasından sonra belə Fişer investorlara bazarın tezliklə yüksələcəyini vəd edirdi.

iPhone

2007-ci ildə ilk iPhone peyda olduqdan bir neçə ay sonra Microsoft şirkətinin rəhbəri stiv Balmer bildirmişdi: “iPhone bazarda nəzərə çarpacaq dərəcədə paya sahib olmayacaq. Onun heç bir şansı yoxdur”. Lakin təkcə 2007-ci ildə Apple şirkəti 116 milyon iPhone smartfonları satmışdı.

Buna baxmayaraq, Balmer Microsoftdakı vəzifəsini saxladı və yalnızca keçən ay o çoxdan gözlənilən istefanı etdi.

Yeni minilliyin problemi

Yeni minilliyin başlamasından bir neçə il əvvəl ekspertlər iddia edirdilər ki, 31 dekabr 1999-cu ildə saat 12 tamam olduqda dünyada xaos başlayacaq. ABŞ-ın müdafiə nazirinin katibi Con Hamr bunu “El-Nino-nun elektron ekvivalenti” adlandırmışdı.

Kütləvi isteriya onunla izah olunurdu ki, kompüter sistemləri tarixi son iki rəqəminə görə müəyyən edə bilir (kompüterlər “77”-ni “1977” olaraq qəbul edirdilər). Bu isə o demək idi ki, “00” texniki qəzaya səbəb ola bilərdi. 2000 (Y2K) problemini həll edə biləcək proqramın yaradılması üçün milyard dollarlar xərclənmişdi.

Lakin bütün bunlara ehtiyac olmadı. Yeni minillik kompüter sistemlərində ciddi problemlərə səbəb olmadı.

“Beatles” qrupu

1962-ci ildə Decca Records “Beatles” qrupunun ifasına qulaq asır və musiqiçilərlə müqavilə imzalamaqdan imtina edir. Səs yazma şirkətinin rəhbəri qrupun menecerinə bildirmişdi ki, “Beatles” qrupu şou biznesdə heç bir gələcəyə sahib deyil.

Decca Record rəhbəri bildirmişdi: “Artıq qruplar dəbdə deyil, xüsusən də kvartetlər”.

Online ticarət

1966-cı ildə Time jurnalı 2000-ci ildəki dünyanı təsvir etməyə çalışdı. Çox saylı təxminlər içərisində jurnal bunu da qeyd etmişdi: “Uzaqdan alış-veriş heç bir gələcəyə malik deyil, belə ki, qadınlar evdən çıxmağı və aldığı məhsula toxunmağı sevirlər”.

Lakin Time səhv edirdi. Hazırda milyonlarla insanın istifadə etdiyi online ticarət ənənəvi mağazaların əsas rəqibinə çevrilib.

“Titanikin batması”

“Titanik” gəmisini yaradan White Star Line şirkətinin vitse-prezidenti Filipp Franklin əminliklə deyirdi: “Titanik” gəmisi bata bilməz. O batılmazdır və onun sərnişinlərini heç bir təhlükə gözləmir”. Lakin gəminin batdığını öyrəndikdə o demişdi: “Mən başa düşə bilmirəm ki, bu necə baş verə bilərdi”.

Franklinlə yanaşı bir çoxları, gəminin kapitanı da daxil olmaqla bu gümanda idilər.

Nəhəng qasırğa

Əfsanəvi britaniyalı meteoroloq Maykl Fiş 1987-ci ildə BBC telekanalının izləyicilərini baş verə biləcək qasırğa ilə bağlı narahat olmamağa səsləmişdi. O demişdi: “Narahat olmayın. Heç bir qasırğa baş verməyəcək”. Lakin cəmi bir neçə saat sonra Britaniyada sürəti saatda 200 km-ə çatan külək qalxdı. Qasırğa nəticəsində 19 insan həlak olmuş, dəyən maddi ziyanın həcmi isə 1,8 milyard funta çatmışdı.

Son xəbərlər
Digər xəbərlər