Avstriyanın “OMV” neft-qaz şirkətinin rəhbəri Alfred Stern deyir ki, bu il Avstriya Rusiya qazını almaqdan imtina edə bilməyəcək.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, eyni zamanda o, Rusiya Federasiyasından qazın rublla ödənilməsi üçün heç bir əsasın olmadığını vurğulayıb.
“Böyük nəticələri qəbul etməyə hazır olmasaq, Rusiya qazından imtina etmək mümkün olmayacaq. Bəzi ölkələr bunu edə bilərdi, lakin Avstriya üçün bu mümkün deyil… Rusiya qazının mərhələli şəkildə dayandırılması baha başa gəlir”, – deyə “OMV” rəhbəri bildirib.
O, aydınlaşdırıb ki, şirkətin “Qazprom”la müqaviləsi qazın avro ilə ödənilməsini nəzərdə tutur. “Qazprom-dan məlumat gözləyirik. Hazırda müqaviləmiz avro ilədir. Ödənişi başqa valyutada etmək üçün heç bir əsas yoxdur”, – Alfred Stern əlavə edib.
Onun sözlərinə görə, Avstriyanın dənizə və maye qaza çıxışı yoxdur. O, izah edib ki, hər hansı diversifikasiya daha bahalı qaza çıxış əldə etmək üçün bahalı infrastruktura daha çox sərmayə qoymaq deməkdir.