Yunanıstanın maliyyə taleyi bu həftənin əvvəlində həll ediləcək. Yunan hökuməti bu gün bank tətilləri elan edə, çərşənbə axşamı isə Afina BVF-na 1,6 milyard dollar həcmində ödənişdən yayına bilər.
Baş-nazir Aleksis Çipras-ın Avropa İttifaqı və BVF ilə növbəti danışıqlardan qəfil olaraq imtina etməsi və beynəlxalq kreditorlar ilə əməkdaşlıq məsələsi ilə bağlı referendum elan etməsi Yunanıstanı birbaşa olaraq defolta sürüklədi.
Çipras 5 iyul tarixinə referendum təyin etmiş və yunanları Aİ və BVF-na qarşı səs verməyə çağırmışdır. Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Yunanıstanın artıq defoltdan qaçmaq üçün heç bir şansının olmadığını və bunun 30 iyun tarixində baş verəcəyini etiraf edib. Onun avstriyalı kolleqası isə açıq şəkildə Yunanıstanın avrozonadan çıxma məsələsini müzakirə etmişdir.
Yunanıstan 30 iyun tarixində BVF-na 1,6 milyard dollar qaytarmalıdır və fondun rəhbəri Kristin Laqard edilməyən ödənişlər barədə BVF-nun icraçı şurasını məlumatlandıracağını bildirib. Belə bir məlumatlandırma Yunanıstanın texniki defoltu deməkdir.