Azərbaycan qazını daşıyacaq IGB kəməri vaxtında istifadəyə veriləcək

Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria – IGB) tikintisi çərçivəsində 90-95% işlər yerinə yetirilib.

Yunanıstan mətbuatının verdiyi məlumata görə, gözlənilir ki, qaz kəmərinin tikintisi vaxtında bitəcək (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) və iyulun əvvəlində qaz Yunanıstandan bu xətt ilə Bolqarıstana tədarük ediləcək.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.

Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikilən 182 km-lik IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.

Qeyd edək ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər