Rusiya Polşa səfirliyi və konsulluqlarının əməkdaşlarını ölkədən çıxarır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Polşa səfiri ölkəsinin martın 23-də 45 rus diplomatını “persona non grata” elan etməsi ilə əlaqədar XİN-ə çağırılıb və polşalı diplomata nota təqdim olunub: “Səfirin diqqətinə çatdırılıb ki, biz bu addımı Varşavanın ikitərəfli münasibətləri tamamilə məhv etmək istəyinin şüurlu təsdiqi kimi qiymətləndiririk. Bunun üçün məsuliyyət tamamilə Polşa tərəfinin üzərinə düşür”.
Rusiya XİN-dən bildirilib ki, qarşılıqlı prinsip əsasında Polşanın addımına cavab olaraq Polşa səfirliyinin və Polşanın İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı Baş konsulluqlarının 45 əməkdaşı “persona non grata” elan edilib.
Diplomatlar aprelin 13-də günün sonuna qədər Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər.