VÖEN-lə fəaliyyət göstərən fiziki şəxs qeyri-rezident olan xarici hüquqi şəxsə proqramlaşdırma xidməti göstərir və hər ay xidmət haqqı alır. Fiziki şəxs hansı növ vergiödəyicisi olmalıdır və hansı sosial sığorta ödənişlərini etməlidir?
Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.
Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergiödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ saxlanılır.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan (illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Eyni zamanda, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergiödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.