Azərbaycan istehsalı olan yun və balın Avropa İttifaqına ixracı üçün icazələrin alınması istiqamətində hazırda iş aparılır.
Bunu açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev deyib.
Onun sözlərinə görə, hazırda bizim müəssisələrin qiymətləndirilməsinin üzərində iş aparılır: “Müəssisələrin qiymətləndirilməsi aparıldıqdan sonra Avropa İttifaqının tələblərinə uyğun olduğu halda, bu iki məhsul üzrə Avropa İttifaqına müraciət edəcəyik. Hər iki məhsula görə biotəhlükəsizlik tələbləri qoyulmaqla yanaşı, ölkənin və ya müəssisənin yerləşdiyi regionda epidemiyoloji stabillik də müvafiq qaydalara uyğun olmalıdır. Müraciət etmiş müəssisələr Avropa İttifaqının tələblərinə uyğun olduğu halda, onlar barədə Aİ-yə məlumatları təqdim edəcəyik”.
O əlavə edib ki, yun ixracında daha çox heyvan sağlamlığı ilə bağlı tələblər qoyulur: “Bir sıra yoluxucu xəstəliklər var. Məsələn, dabaq, qarayara kimi xəstəliklər yunla daşına, ötürülə bilər. Bizim ixrac etdiyimiz yun sağlam olmalıdır ki, sertifikat verə bilək, tələb bundan ibarətdir. Bu məhsullara Avropa İttifaqı ölkələrinə icazələrin alınmasının bu il ərzində mümkün olması gözlənilir”.
Q. Əbdüləliyev deyib ki, yerli istehsal olan bal çox keyfiyyətlidir və Avropada xüsusi keyfiyyətə malik məhsul kimi qəbul edilir: “Bal Avropa İttifaqı bazarında baha olsa belə, bu məhsulların öz alıcıları var. Ona görə də, Avropa İttifaqının tələbini yerinə yetirib məhsulun ixracına nail olmaq böyük yenilikdir. Aİ-yə daxil olan ölkələrin ümumi standartları var və qeydiyyat reyestri vahid formada aparılır. Bizim əsas işimiz tələblərə uyğun olan müəssisələri reyestrə daxil etməkdir”.
Xatırladaq ki, Azərbaycan Avropa ölkələrinə ilbiz və qurbağa ayaqları, dəri ixracına icazə alıb.
Bəs Azərbaycanın hansı aqrar məhsullarının ixracını genişləndirmək mümkündür?
Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov hesab edir ki, Azərbaycanın aqrar məhsullarının əsas ixrac bazarı Rusiyadır: “Lakin bir bazardan aslı olmamalıyıq. Ölkənin ixrac bazarı şaxələndirilməlidir. İxrac edilən əsas aqrar məhsullar pomidor, alma, nar, fındıq təşkil edir. İxrac potensialı olan məhsullarımız azdır. Ümumiyyətlə, bir sıra zəruri məhsullar üzrə istehsalı tam ödəmək gücünə malik deyilik”.
R.Orucov vurğulayıb ki, Avropa İttifaqına üzv olan ölkələrinin bazarları bizim üçün yenidir: “Bu bazarlarla bağlı dərin araşdırma aparılmalıdır. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri həmin ölkələrin bazarları ilə bağlı geniş araşdırma aparmalıdırlar. Çünki Avropa İttifaqına üzv olan elə ölkə var ki, aqrar məhsullara ehtiyac duymur. Özlərinin istehsal etmək potensialı var. Bununla yanaşı, ölkədə keyfiyyət göstəriciləri baxımından Avropanın tələblərinə uyğun məhsul istehsalının təşkil edilməsi məsələsi də xüsusi önəm kəsb edir. Burda həm məhsulun keyfiyyət məsələləri, həm də karantin tədbirlərinə cavab verilməsi ön planda olmalıdır ki, ixrac etdiyimiz məhsullarda problemlər yaşanmasın, çünki Avropanın tələbləri daha ciddidir”.
R.Orcov əlavə edib ki, respublikada kifayət qədər xırdabuynuzlu heyvanlar var: “Ölkədə il ərzində kifayət qədər yun istehsal edilir. Ancaq yunun bazar tənzimlənməsi ilə bağlı böyük problemlər var. Ölkədə yunun ilkin emalı, istehsalı istiqamətində elə bir aktivlik görmürük. Fermerlər 2-3 tonlarla yunu yandırırlar. Elə təsərrüfatlar var ki, 4-5 ildir yunları yığılıb qalıb. Yun uzun müddət qalandan sonra xarab olur. İstehlak bazarında müəyyən tələb var. Bu tələb isə ondan ibarətdir ki, yundan yorğan-döşək salmaq üçün istifadə edilir. Heyvandarlıqda yun istehsalı əsaslı yerlərdən birini tutur. Sovet dövründə yun məhsulları üçün əvvəlcədən plan qoyulurdu, fermerlərə pul ödənilirdi. Hazırda dünyada yun parçaları həddindən artıq bahadır. Yun zərif və qaba olmaqla istifadə imkanları var. Respublikada özəl yun təmizləmə emalı məsələləri ilə məşğul olan müəssisələr var. Tələb yarandığı təqdirdə yunun çox ciddi ixrac imkanları yarana bilər”.
Azərbaycanın aqrar məhsullarının ixracı rəqəmlərlə
İqtisadi İslahatlar Mərkəzinin ixrac icmalının məlumatına görə, 2021-ci ildə ölkədə qeyri-neft sektoru üzrə 2,7 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Bu, 2020-ci il ilə müqayisədə 870 milyon ABŞ dolları və ya 47,2 % artıb.
Qeyri-neft məhsullarının ixracında əsas yeri pomidor, xurma və meşə fındığı tutub.
2021-ci ildə pomidor ixracı ölkəyə 160,2 milyon ABŞ dolları dəyərində gəlir gətirib. Bu isə 2020-ci illə müqayisədə 20,4 % azalıb.
Xurma ixracından ölkəyə 2021-ci ildə 125,9 milyon ABŞ dolları dəyərində gəlir gəlib. Bu isə 2020-ci illə müqayisədə 37,4 % artıb.
Meşə fındığı ixracından isə ölkəyə gəlir 2020-ci illə müqayisədə 4,2 % artaraq 108, 8 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə 461,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2021-ci il ilə müqayisədə 130,6 milyon ABŞ dolları və ya 39,4 % artıb. Qeyri-neft ixracında böyük paya sahib olan aqrar məhsullar meşə fındığı (28,6 milyon ABŞ dolları ), xurma (27,2 milyon ABŞ dolları ), pomidor ( 24,5 milyon ABŞ dolları ) olub.
2021-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 15 milyard 201 milyon 091 min ABŞ dolları təşkil edib. Avropa İttifaqı ölkələrinə ixrac 13 milyard 064 milyon 422 min ABŞ dolları, idxal isə 2 milyard 136 milyon 669 min ABŞ dolları təşkil edib.
Aİ ölkələrinə əsasən xam neft, neft-kimya məhsulları və qaz ixrac edilir. Qeyri-neft məhsullarının həcmi isə çox azdır.