Ermənistan Rusiya təbii qazının tədarük haqqını rublla ödəməyə başlayıb, bu barədə ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
Banker.az bu barədə “Vedmosti”yə istinadən xəbər verir.
Onun sözlərinə görə, qiymətlər dollarla aparılır, lakin ödəniş Rusiya valyutası ilə həyata keçirilir.
“Bildiyim qədər, son bir neçə ödəniş rublla olub, lakin müvafiq məzənnə ilə”, – deyə Kerobyan söyləyib.
Aprelin 1-dən prezident Vladimir Putinin fərmanına əsasən, “Qazprom” qazı “dost olmayan” ölkələrə (Ukraynadakı hərbi əməliyyata cavab olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmuş) dollar və avro əvəzinə rubla satmağa borcludur. Bunun üçün xarici alıcılar Qazprombank-da “K” tipli xüsusi rubl və valyuta hesabları açmalıdırlar.
Avropa Komissiyası tədarükün rublla ödənilməsi tələbini sanksiyalardan yayınmaq üçün razılaşmaların pozulması kimi qiymətləndirir. Bir çox AB üzvü bundan imtina etdi. Macarıstan bu tələbə əməl etməyə razılaşan ilk və indiyə qədər yeganə Aİ ölkəsi olub.
Ermənistan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Respublika baş nazirinin müavini Mher Qriqoryan martın 23-də bildirib ki, Avrasiya İqtisadi İttifaqında valyutanın gömrük rüsumlarından bölüşdürülməsi məsələsi də müzakirə olunduğu üçün Yerevan Moskva ilə tədarük olunan qazın rublla ödənilməsi ilə bağlı danışıqlar aparır. Ermənistan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla birlikdə Aİİ-nin üzvüdür.