Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi ötən ay başa çatıb. Agentlik 442 mənzilin seçimində 8 939 nəfərin iştirak etdiyini, 257 mənzillə bağlı vətəndaşlar tərəfindən imzalanmış ərizələrin təqdim olunduğunu açıqlayıb. Lakin mənzillərin satışa çıxarılması ilə satılması cəmi 5 saniyə çəkib.
Mövzu ilə bağlı “Kaspi qəzeti” məqalə hazırlayıb.
Mənzillərin yüksək sürətlə satılması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb, ciddi narazılıq yaradıb. Ona görə də MİDA bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. DTX-nın araşdırması nəticəsində məlum olub ki, kənardan kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə olunub. Bu əmələ yol verən şəxslər məsuliyyətə cəlb ediliblər. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.
Hazırda ictimaiyyəti düşündürən əsas sual budur ki, MİDA-nın 5 saniyəyə satdığı 442 mənzilin aqibəti necə olacaq? Araşdırmadan sonra nəticələr ləğv olunacaq, yoxsa yalnız ədalətsiz şəkildə, qeyri-qanuni yolla mənzil seçimi edənlərin nəticəsi tanınmayacaq? Bu situasiyada hüquqi baxımdan hansı addım atılmalıdır? Gələcəkdə bu kimi hallar təkrar olunmasın deyə nə edilməlidir? MİDA-nın hazırda tətbiq etdiyi alqı-satqının özünü doğrultmadığını, şəffaflığa xidmət etmədiyini iddia edənlər də var. Bu iddialar nə dərəcədə əsaslıdır və hazırkı metodun alternativi varmı?
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, sonuncu güzəştli mənzil satışının nəticələrinin ləğv edilib-edilməməsi DTX və MİDA-nın birgə araşdırmasının yekununda bəlli ola bilər.
Onun sözlərinə görə, əgər müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, onda bu məsələ gündəmə gələ bilər:
“Baş verənlər onu göstərir ki, MİDA bir daha sisteminin İT auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir. Baş verənlər həm də bir daha onu göstərir ki, güzəştli mənzil satışı sistemi ciddi şəkildə yenilənməlidir. Bununla bağlı əvvəllər də təkliflər vermişdik. Onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq, görünür ki, burada İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik var. Bu baxımdan alternativ güzəştli mənzil satışı üsulu təklif edilməlidir. Satışdan sonra MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün log faylları mütləq açıqlamalıdır. Ən tez və ən gec satılan mənzillərlə bağlı log faylları ayrıca qeyd etmək vacibdir. Sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumların açıqlamaları verilməlidir. Süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməlidir. Onlayn satış prosesi sosial mediada və televiziyada canlı yayımlanmalıdır”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, MİDA-nın mənzil satışı ilə bağlı cəmiyyətdə çox ciddi narazılıqlar var. Hüquqşünasın sözlərinə görə, hətta elektron alqı-satqı olsa belə, 5 saniyədə 442 mənzilin satılması ciddi şübhə və suallar doğurub:
“Mediada ictimailəşən məlumatlara görə, oxşar mənzərə MİDA-nın əvvəlki proseslərində də yaşanıb. Bütün bunlar kompüter sisteminə kənardan müdaxilə etmək yolu ilə həyata keçirilib. Şübhəsiz ki, ətraflı araşdırmadan sonra bütün bu qanunsuz hərəkətlərə lazımi hüquqi qiymət veriləcək. Lakin haqlı sual yaranır ki, 5-6 nəfərin həbsi bu məsələyə son qoyacaqmı? Axı bu prosesdə ayrı-ayrı vətəndaşların hüquqları pozulub, bərabərhüquqlu şəkildə mənzil seçimi etmək imkanı məhdudlaşdırılıb. Həqiqətən də, mənzilə ehtiyacı olan bir çox ailələrin hüquqları pozulub. Hələlik istintaq getdiyi üçün cəmiyyəti düşündürən, narahatlıq yaradan bəzi məqamlara aydınlıq gətirmək, haqlı suallara cavab tapmaq mümkün deyil”.
Ç.Qənizadənin fikrincə, əgər məlum olsa ki, kənardan müdaxilə yolu ilə 5-6 deyil, daha çox işbaz bir neçə mənzil əldə edib, kimlərinsə adlarına sənədləşdirib, o zaman 442 mənzilin hamısının alqı-satqısı ləğv edilməli, tam şəffaf şəkildə yenidən keçirilməlidir:
“Mənzil seçimində iştirakçı olan, lakin seçim imkanı məhdudlaşdırıldığından mənzil ala bilməyən vətəndaşlar hüquq müstəvisində məsələ qaldırıb alqı-satqı nəticələrinin ləğvini tələb edə bilərlər. Yaşanan hadisə göstərir ki, MİDA-nın kompüter sisteminin təhlükəsizliyi yüksək səviyyədə təmin olunmayıb. Bu metod şəffaflığa xidmət etmir. Əksinə, ədalətsiz yolla bəlli bir qrupun maraqlarını təmin edir. Ona görə də mövcud çatışmazlıqlar dərhal aradan qaldırılmalı, şəffaflığın təmin olunması üçün alternativ yollar axtarılmalıdır. 9 minə yaxın şəxsin hər birinə eyni səviyyədə şərait yaradılmalıdır ki, prosesdə iştirak edə bilsin, hüquqları pozulmasın. Nəticə etibarilə ya alqı-satqının nəticələri tamamilə ləğv edilməli, ya da araşdırmanın nəticəsi olaraq obyektiv şəkildə bildirilməlidir ki, həbs olunan 5-6 nəfər nə qədər mənzil ələ keçirib. Hətta aydın olsa ki, ümumilikdə 10-15 mənzil ələ keçirilib, 10-15 vətəndaşın mənzil əldə etmək hüququ pozulub, yenə də ümumilikdə nəticənin ləğv edilməsinin, təkrar alğı-satqı keçirilməsinin tərəfdarıyam”.
MİDA-dan sorğumuza cavab olaraq bildirildi ki, hazırda qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.