Bir şəxs hər kəsin içərisində Ömər Xəyyamı təhqir etməyə başlayır:
– Sən kafirsən! Sən əyyaşsan! Səfil insansan!
Ömər Xəyyam isə bu təhqirlərə cavab olaraq yalnızca gülümsəyir. Kənardan çox bahalı və dəbdəbəli geyinmiş bir şəxs baş verənləri izləyirdi. O Xəyyamdan soruşur:
– Sən bu təhqirlərə necə dözürsən? Məgər sən qəzəblənmirsən və yaxud incimirsən?!
Ömər Xəyyam yenə gülümsəyir və deyir:
– Mənimlə gedək.
Varlı şəxs onun arxasıyca tozlu otağa daxil olur. Xəyyam şamı yandırır və onun işığında sandıqdan nimdaş bir libas çıxarır. O həmin libası varlı əyana verir və deyir:
– Bunu geyin, yoxla.
Əyan libası götürür, baxır və heyrətlə deyir:
– Mən bu kirli, nimdaş libası nə edirəm?! Görmürsən, mən səliqəli şəkildə geyinmişəm?!
Sən isə deyəsən ağlını itirmisən.
O libası Xəyyamın üzərinə atır. O isə deyir.
– Bax görürsən, sən nimdaş libası qəbul etmək istəmədin. Özünə layiq görmədin. Eynən sənin kimi, mən də ünvanıma səsləndirilən, mənə yönləndirilən ifadələri qəbul etmirəm.
Təhqirlərə əsəbiləşmək, incimək – sizə verilən köhnə libası geyinmək kimidir. Özünüzə layiq bildiyiniz təqdirdə qəbul edəcəksiniz.