Britaniya hökuməti Rusiyaya malların, o cümlədən “Ukraynaya qarşı istifadə oluna biləcək” texnologiyaların ixracını qadağan edib. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə aprelin 25-ində Böyük Britaniyanın Xarici Ticarət Departamenti məlumat yayıb.
“Birləşmiş Krallıq həmçinin Rusiyanın Ukrayna xalqına zülm etmək üçün istifadə edə biləcəyi məhsul və texnologiyaların ixracına qadağa qoyulduğunu elan edir. Qadağaya məruz qalan məhsullara dinləmə və nəzarət üçün avadanlıqlar daxil ola bilər”, – deyə məlumatda bildirilir.
Həmçinin “azad ticarət sazişinə uyğun olaraq” Ukrayna istehsalı olan məhsullar üçün idxal rüsumları və kvotalar ləğv edilib. Bu tədbir Ukraynaya iqtisadi dəstək vermək üçün görülüb.
Xatırladaq ki, aprelin 13-ü Böyük Britaniya Rusiya, Donetsk və Luqansk Xalq Respublikaları, həmçinin Ukrayna və Özbəkistandan ümumilikdə daha 206 fiziki və hüquqi şəxsin daxil olduğu sanksiyalar siyahısını yeniləyib.
Hələ aprelin 3-ü Böyük Britaniyanın Baş naziri Boris Conson Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı sanksiyaları gücləndirmək və Kiyevə hərbi dəstəyi artırmaq niyyətini açıqlayıb.