10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanla Latviya müdafiə sahəsində əməkdaşlıq edəcək

Aprelin 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri cənab Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Banker.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlığın həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

Latviyalı nazir A.Pabriks dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib. Baş nazirinin müavini, həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində latviyalı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, təhlükəsizlik məsələləri, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Son xəbərlər
Digər xəbərlər