Prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.
Banker.az xəbər verir ki, fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılıb.
Müəyyən edilib ki:
Geodeziya və Kartoqrafiya Agentliyi geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) dövlət topoqrafik xəritələrinin və planlarının hazırlanması, ümumdövlət əhəmiyyətli məsələlərin həllini təmin edən dövlət planlarının tərtibi, qravimetriya, kartoqrafiya və xəritəçəkmə, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
Geoloji Kəşfiyyat Agentliyi kompleks geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji tədqiqatların aparılması, yeraltı suların, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yer təkinin dərinlik quruluşunun və seysmohidrogeodinamik şəraitinin öyrənilməsi, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işlərinin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
bu publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, nizamnamələrinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən olunması və onların dəyişdirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, “Publik hüquqi şəxslər haqqında” qanunda nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Nazirliyə həvalə edilir;
bu publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir;
bu publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Cəmiyyət və Xidmət öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır.
Nazirlər Kabineti:
– bu publik hüquqi şəxslərin nizamnamələrini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
bu publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Cəmiyyətin və Xidmətin balansındakı əmlakın (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) müvafiq olaraq həmin publik hüquqi şəxslərin balansına verilməsini təmin etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Nazirlik:
– bu publik hüquqi şəxslərin
– bu publik hüquqi şəxslərin nizamnamələrinin layihəsini, habelə nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin;
– bu publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
– Xidmətin strukturundakı Dövlət Geoloji İnformasiya Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Maliyyə Nazirliyi bu publik hüquqi şəxslərin:
-cari ildə saxlanılması xərclərinin Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi ilə bağlı tədbirlər görsün;
– növbəti illərdə fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.