-1 C
Baku
Sunday, December 15, 2024

Dünya Bankı 1970-ci illərdən bəri ən böyük qiymət böhranı barədə xəbərdarlıq edib

Dünya Bankının (DB) analitikləri əmtəə bazarlarının perspektivləri (Commodity Market Outlook) haqqında yeni hesabat dərc ediblər. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, onlar Ukraynadakı münaqişənin nəticələrinin və enerji vəziyyətinin uzunmüddətli olacağı və 1970-ci illərdən bəri ən güclü böhran barədə xəbərdarlıq ediblər.

“Son iki ildə enerji qiymətlərindəki artım 1973-cü il neft böhranından sonra ən əhəmiyyətli olub. Rusiya və Ukraynanın əsas istehsalçısı olduğu ərzaq məhsullarının, eləcə də istehsalında təbii qazdan istifadə olunan gübrələrin qiymətlərində artım 2008-ci ildən bəri nəzərəçarpacaq qədər böyüyüb”, – deyə mesajda bildirilir.

DB-nin proqnozuna görə, 2022-ci ildə qeyri-enerji malları təxminən 20%, enerji məhsulları isə 50%-dən çox bahalaşacaq. Brent markalı neftin orta illik qiyməti 2022-ci ildə 42% artaraq 100 dollar/barel olacaq.

Analitiklər Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının genişləndirilməsini neft bazarı üçün təhlükə kimi qiymətləndiriblər. Onlar əlavə edirlər ki, qalıq yanacaqların bərpa olunan enerji mənbələri ilə dəyişdirilməsi yeni şərtlər altında gecikdiriləcək.

Təşkilatın proqnozuna əsasən, alternativ enerji üçün lazım olan alüminium və nikel 2022-ci ildə müvafiq olaraq 37% və 51% bahalaşacaq, çünki Rusiyadan tədarüklə bağlı çətinliklə olacaq. Ümumilikdə, bu il metalların qiymətləri 16% artacaq: əsas metallar (o cümlədən dəmir, nikel, alüminium, mis) – 22% -dən çox, qiymətli metallar (qızıl, gümüş, platin daxil olmaqla) – 3%. Eyni zamanda, Çində COVID-19 ilə əlaqədar uzun müddət karantin rejimi metallara olan tələbatı və nəticədə onların qiymətlərini azalda bilər.

2022-ci ildə qazın qiymətinin artması gübrələrin qiymətinin təxminən 70% yüksəlməsinə və kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olacaq. 2022-ci ildə ərzaq məhsullarının qiymətləri orta hesabla demək olar ki, 23%, buğdanın qiyməti isə 40%-dən çox artacaq. Gələcəkdə ərzaq istehsalının artmasına gübrələrin yüksək qiymətlərinin davam etməsi mane olacaq, deyə DB bildirib.

Son xəbərlər
Digər xəbərlər